Akademik Zərifə Əliyeva – Azərbaycan tibb elminin parlaq siması

13:25 - 15 Aprel 2025

Akademik Zərifə Əliyeva – Azərbaycan tibb elminin parlaq siması

Azərbaycan tibb tarixində xüsusi yeri olan, elmi və insani keyfiyyətləri ilə seçilən akademik Zərifə xanım Əliyeva XX əsr Azərbaycan elminin ən nüfuzlu simalarından biridir. O, oftalmologiya sahəsində qazandığı uğurlar, insanlara göstərdiyi mərhəmət və elmə sonsuz sədaqəti ilə təkcə bir alim kimi deyil, həm də maarifçi ziyalı və əsl vətənpərvər kimi yaddaşlarda qalıb.


Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya gəlib. Gənc yaşlarından elmə marağı ilə seçilən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə bu ali təhsil ocağını əla qiymətlərlə bitirib. Təhsilini başa vurduqdan sonra o, oftalmologiya sahəsində ixtisaslaşmağa başlayıb. Bu sahədə göstərdiyi fəaliyyətlə tibb elminə dəyərli töhfələr verib. XX əsrin 40-50-ci illərində Azərbaycanda geniş yayılan gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin bir xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq 1960-cı ildə elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub.

Zərifə Əliyeva insanların görmə qabiliyyətinin qorunması, göz xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində dərin bilik və təcrübə qazanaraq mühüm elmi işlərə imza atıb. Onun elmi tədqiqatlarının əsas istiqamətlərindən biri sənaye müəssisələrində çalışan insanların peşə fəaliyyətindən qaynaqlanan göz xəstəliklərinin öyrənilməsi olub. Bu sahədə apardığı tədqiqatlar yalnız Azərbaycan üçün deyil, ümumilikdə keçmiş SSRİ məkanı üçün çox böyük töhfələr verib. Zərifə xanım “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Zərifə xanımın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini alıb, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Zərifə xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bir çox tədqiqat proqramları hazırlanıb və həyata keçirilib. Əmək fəaliyyətində kimyəvi və fiziki amillərlə tez-tez təmasda olan işçilərin göz sağlamlığının qorunması istiqamətində təklif etdiyi metod və yanaşmalar həmin dövr üçün yenilikçi hesab olunurdu. O, ilk dəfə olaraq bu mövzunu elmi əsaslarla sistemləşdirərək, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və erkən diaqnostikası üçün mühüm elmi baza yaradıb. Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olub. Bu əsərlərdə yalnız tibbi problemlər deyil, onların sosial-iqtisadi aspektləri də dərindən araşdırılıb. Onun tədqiqatlarında insanın əmək qabiliyyətinin qorunması, sağlamlığın sosial faktorlarla əlaqəsi və səhiyyənin təşkilati məsələləri də xüsusi yer tutub.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

Akademik, həmçinin müasir oftalmologiyada istifadə olunan bir sıra diaqnostik və müalicəvi metodların tətbiqinə öncüllük edərək, bu metodların Azərbaycan səhiyyəsində geniş yayılmasına səbəb olub. Onun rəhbərliyi altında bir çox dissertasiya işləri müdafiə olunub, yeni nəsil alimlər yetişib. Zərifə xanım Əliyeva öz dövrünün elmi ictimaiyyətində böyük nüfuz qazanıb. O, bir çox beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, çıxışları ilə dünya tibb elminə dəyərli töhfələr verib. Onun tədqiqatları bir sıra xarici ölkələrdə çap olunub, beynəlxalq elmi jurnallarda müsbət rəylər alıb. Zərifə xanım eyni zamanda, SSRİ Elmlər Akademiyası ilə sıx əməkdaşlıq edib və bir çox birgə elmi layihələrin həyata keçirilməsində fəal rol oynayıb. Elmi nüfuzu ona təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək etimad qazandırıb. Zərifə xanım Əliyeva uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Gənc həkimlərin yetişdirilməsində misilsiz xidmətlər göstərib. O, tələbələri üçün yalnız elmi bilik mənbəyi deyil, həm də mənəvi dayaq, qayğıkeş bir müəllim olub. Zərifə xanım Əliyeva hər zaman tələbələrə biliklə yanaşı, insanlara sevgi, peşəyə hörmət və vicdanlı həkim olmağın əhəmiyyətini aşılamağa çalışıb.

Zərifə xanım Əliyeva 1985-ci ildə dünyasını dəyişsə də, onun adı və irsi bu gün də yaşayır. Zərifə xanım Əliyeva öz işini sevən və böyük elmi yeniliklərə imza atan fədakar həkim və böyük ziyalı olmaqla yanaşı, həm də Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi örnək bir qadın, Müzəffər Ali Baş Komandan, Qarabağ Fatehi İlham Əliyevin anası kimi örnək bir ana olaraq yaddaşlarda qalıb. Respublikamızda Zərifə xanım Əliyevanın adını daşıyan bir çox tibb müəssisəsi, fond və məktəblər fəaliyyət göstərir. Zərifə xanım Əliyeva adına təqaüdlər, elmi mükafatlar təsis olunub, onun həyatı və fəaliyyəti ilə bağlı sənədli filmlər çəkilib. Onun irsi bu gün də Azərbaycan tibb elminin inkişafına yol göstərir, gələcək nəsil tibb mütəxəssisləri üçün nümunə rolunu oynayır. Zərifə xanım Əliyeva təkcə dövrünün deyil, bütün zamanların örnək qadını, örnək anası, fədakar həkimi və dəyərli ziyalısı olaraq xalqımızın yaddaşına həkk olunub.

Vasif Qafarov

Milli Məclisin deputatı


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv