Bugünlərdə Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən uyğun nəticəsi olmayan müəllimlərin müsahibələri, fikirləri geniş tirajlanır. Bəziləri deyir ki, bəs Mədəniyyət Nazirliyinin əsas məqsədi müəllimləri kəsməmək deyildi? Niyə 1760 müəllimin 492-si uyğun hesab olunmadı?
Manset.az Modern.az-a istinadən xəbər verir ki, attestasiya komissiyasnın sədri, Bakı Musiqi Akademiyasının professoru, fortepiano kafedrasının dekanı Nəzakət Rimazi deyir ki, əslində müəllimlərə güzəşt edilib.
"Əgər attestasiya zamanı biz müəllimlərə verilən suallarda, onların ifası ilə bağlı tapşırıqlarda güzəştə getməsəydik, ən azı uyğun olmayan müəllimlərin faizi indiki kimi -25-26 faiz deyil, 56-60 faiz olard", - o qeyd edib.
Attestasiya komissiyasının üzvü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Muxtar Abseynov isə qeyd edir ki, əgər onun iştirak etdiyi komissiyanın niyyəti müəllimləri kəsmək olsaydı, hər üç müəllimdən ikisi bu imtahanda keçməməli idi: "Təəssüflə deməliyəm ki, biz bir çox hallarda müəllimlərin attestasiyadan keçməsi üçün onlara güzəşt edərək, daha asan suallar verir və əsərlərin səsləndirilməsini təklif edirdik".
Bu təxminən 50 nəfərlik komissiya üzvünün ancaq ikisinin rəyidir. Bəs, niyə musiqi məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan deyil? Gəlin səbəbləri araşdıraq.
Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası istisna olmaqla 211 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 57 min nəfər şagird təhsil alır. 57 min şagirdə 13 min müəllim dərs keçir. Bunlar təkcə statistika deyil, həm də dərindən aparılan araşdırmanın təsbit etdiyi mifdir! Bəli məhz mif!
Əgər həqiqəti bilsək, bu məktəblərdə oxuyan uşaqların ən yaxşı halda 60%-i dərslərə gəlir, digər qalanı isə ancaq 5 ildən sonra şəhadətnamə alanda məktəbdə peyda olur. Bundan isə həm müəllim xoşbəxtdir, həm də məktəb direktoru...
Hər bir uşağa isə dövlətimiz nə az, nə çox 3700 azn pul xərcləyir. Bu orta məktəbdə oxuyan şagirdə düşən xərcdən təxminən 2 dəfə çoxdur. Təsəvvür edin, əgər bir musiqi məktəbində 300 uşaq təhsil alırsa və bunun 180 nəfəri demək olar ki, dərsə ancaq 1-ci il və bir də 5-ci və ya 7-ci ilin sonunda gəlirsə bu nə deməkdir? Bu təxminən hər il 600 min manat dövlət pulunun boşa xərclənməsidir. Yer gəlmişkən, keçilməyən dərs, həm də dərs keçməyən müəllim deməkdir.
Attestasiyanın “qəhrəmanı”, gəncəli müəllim Günay xanımın dediyi keçməyən müəllimlərin “çörəkpulu” məsələsi isə bir çox hallarda alın təri ilə qazanılan halal qazanc deyil, faktiki mövcud olmayan dərslərin aylıq “məvacibləridir”. Bu vəziyyətdən həm müəllim, həm də musiqi məktəbinin direktoru da qazanır. Məsələn, 24 saat (2 stavka) dərs deyən müəllimin orta aylıq əməkhaqqı 850 AZN-dir. Attestasiyadan keçməyən müəllimlərin 50 faizdən çoxunun dərs saatı 2 stavkadan çoxdur. Başqa bir fakt. Ötən il Gədəbəyin Zəhmətkənd musiqi məktəbində aparılan yoxlama zamanı, cəmi 200 nəfər “şagirdi” olan bu məktəbdə korrupsiyanın miqdarı 1 milyon manata yaxın idi. Deməli, keçilməyən dərs, korrupsiya ilə qazanılan milyonlar, məktəbə gəlməyən uşaq və müəllim, uduzan musiqi təhsilimiz, mədəniyyət... Sosial medianın klik qəhrəmanları isə insanlara yalanı qışıqıraraq, pafosla elə söyləyirlər ki, bəzən adamları inandıra bilirlər.
Başqa bir fakt. Bu yaxınlarda attestasiyadan keçməyən müəllimlərin şikayətlərini araşdırarkən çox unikal bir fakt üzə çıxdı. Deməli, attestasiyadan kəsilən müəllim, Mədəniyyət Nazirliyinə məktəb direktorundan şikayət yazıb. Şikayətdə bildirir ki, filankəs direktor onun əmək müqaviləsinə xitam verib və sair. Maraqlısı budur ki, həmin direktor 2018-ci ildə, yəni 7 il əvvəl rəhmətə gedib. Buradan aydın olur ki, şikayətçi müəllim 2018-ci ildə vəfat etmiş direktorundan hələ də xəbəri yoxdur.
Burada yekunlaşdıraraq, növbəti anonsu veririk...
Musiqi məktəblərində “Borsunlu keysi”...