Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının
(BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüş keçirilib.
Manset.az xəbər verir ki, konfederasiya
sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı
faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59
konvensiyasının ratifikasiya olunduğunu qeyd edib.
Bildirilib
ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları
ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil
olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.
Azərbaycanda
mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə
yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin
mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara
uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili
istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib.
Görüşdə
həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində həyata keçirilən
islahatlar və tətbiq olunan yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri”
və "AHİK Plus" layihələri, eləcə də “Kurort” Turizm İnformasiya Mərkəzi
haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib.
Konfederasiya
sədri əmək hüquqları, iqlim dəyişmələri və gender məsələləri ilə bağlı BƏT-lə
bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb.
BƏT-in
Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbəri
olduğu təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin
əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib.
Jilber
Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti
üçün önəmini qeyd edib və bu məsələlərə Konfederasiyanın daim həssas
yanaşdığını bildirib.
Tərəflər
əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi aparıblar.
Görüşdən
sonra BƏT-in Baş direktoru Jilber Hunqbo və nümayəndə heyətinin üzvləri “Kurort”
Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə,
eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış
olublar.