Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” yeni sosial layihəyə başlanılıb.
Manset.az xəbər verir ki, layihə çərçivəsində ilk səyyar tibbi
müayinə aprelin 10-11-də dağlıq rayon Lerikdə təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin
Lerik şəhərində abidəsi ziyarət olunub.
Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil
edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, otorinolarinqoloq,
endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqdan
ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 300-ə yaxın
aztəminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində
problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin
olunub.
Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib.
Tədbirin təşkilində AHİK könüllüləri də
iştirak ediblər.
Qeyd edək ki, səyyar tibbi müayinələr
üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da
artırmaq və dövlətimizin sosial siyasətinə
dəstək vermək məqsədilə təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi
və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.