Azərbaycan
Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin məzunu olan Akademik
Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin görkəmli
nümayəndələrindən biri olmuş, ölkəmizin oftalmologiya sahəsinin inkişafına
böyük töhfələr vermişdir. Zərifə xanım Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti
nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.
Akademik
Z.Əliyeva fəlsəfə doktoru, M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, professor elmi
adını almış, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Zərifə Əliyeva həmçinin Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda
elmi işçi, böyük elmi işçi, daha sonra Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri
vəzifələrində də çalışmışdır.
Zərifə
xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan
traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız
çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər
və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik
ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Akademik
Zərifə Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas
istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və
peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası,
diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə
orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri,
gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz
sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet
zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın
əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.
Akademik
Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini
öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Böyük xidmətlərinə, çoxillik
elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Hazırda
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi
akademik Z.Əliyevanın adını daşıyır. Eyni zamanda Bakı şəhərində mərkəzi
küçələrdən birinə də alimin adı verilmişdir.
SSRİ Sülhü
Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini,
SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya
xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik”
Cəmiyyəti İdarə heyətinin üzvü olan Zərifə xanım Əliyeva həmçinin SSRİ Tibb
Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan ilk
qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək
Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12
monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici
təklifin müəllifi və həmmüəllifi olmuşdur. Akademik Z.Əliyeva onlarca elmlər
doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur.
Azərbaycan aliminin apardığı tədqiqat
işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiya və kitablar hazırda da oftalmoloq həkimlər,
tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar
bütün dövrlər üçün yazılmış əsərlərdir və öz aktuallığını heç vaxt itirmir.
Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda çalışdığı dövrdə bir çox cərrahiyə əməliyyatları
aparmış, xəstələrə məsləhətlər vermiş, gənc həkimlərin tərbiyəsinə, onların peşə
fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf
etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş,
“Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması
prosesinə dəyərli töhfə vermişdir.
Azərbaycanın
tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək
məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən
2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik
yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.
Ulu Öndər Heydər
Əliyevin Akademik Zərifə Əliyeva haqqında dediyi kimi, həqiqətən Zərifə xanım Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm
etdirən bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai
xadim olaraq sağlığında əfsanəviləşməyi bacarmış və daşıdığı bu titulları mərhəmət,
şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlmişdir.
Azərbaycan xalqı hər
il 15 aprel tarixində Akademik Zərifə xanım Əliyevanın anım günü kimi onun
xatirəsini böyük ehtiramla yad edir, bu məqsədlə ölkəmizdə alimin adına elmi-praktik
konfranslar keçirilir. Allah Zərifə xanım Əliyevaya rəhmət eləsin.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva