Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal
Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirilib. Qeyd olunub
ki, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir.
Bu münasibətlər özünü iqtisadi, mədəni, humanitar sahələrdə də göstərməkdədir:
Rektor Səudiyyə
Ərəbistanında fəaliyyət göstərən universitetlərdən biri ilə əməkdaşlıq əlaqələri
yaratmaqda maraqlı olduğunu diqqətə çatdırıb: "Bu, həm gənclərimizin
bir-birini daha yaxından tanımağına səbəb olacaq, həm də alimlərimiz müştərək
elmi-tədqiqat işlərini həyata keçirəcəklər. İnanıram ki, sizin köməkliyinizlə
bu işləri görə biləcəyik”.
Səmimi
qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir iki ölkə arasında
olan əlaqələrin qardaşlıq səviyyəsində olmasını diqqətə çatdırıb. Qeyd olunub
ki, ölkələr arasında elmi əməkdaşlığın inkişafı istiqamətində bir sıra addımlar
atılmaqdadır. ADU-ya səfərin bu mənada fərqlənməsi önə çəkilib.
Bildirilib
ki, görüş qarşılıqlı əməkdaşlığın başlanğıcı üçün vacib addım hesab
olunmalıdır. ADU ilə üç mərhələ üzrə əməkdaşlığın mümkünlüyü haqqında fikir
mübadiləsi aparılıb. İlk mərhələdə beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən
şöbə ilə əlaqələrin qurulması, universitet haqqında məlumatların əldə edilməsi
vacibdir. Daha sonra ADU ilə əməkdaşlığa başlanması üçün addımların atılmasının
- Memorandum imzalanmasının vacibliyi vurğulanıb.
Görüş gələcək
elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi
perspektivlərin mövcudluğu ətrafında müzakirələrlə davam edib.