Azərbaycanın ilk sosial axtarış layihəsi olan "Səni axtarıram" proqramının 15 yaşı tamam olur.
Manset.az xəbər verir ki, əməkdar jurnalist Xoşqədəm Hidayətqızının ərsəyə gətirdiyi veriliş ilk dəfə “Sən tək deyilsən” adı ilə 2010-cu ilin aprelində "Azad Azərbaycan” telekanalının efirinə çıxıb.
Böyük tamaşaçı auditoriyası toplayan veriliş az sonra "Səni axtarıram" adlandırılıb.
Daha sonra proqram müxtəlif səbəblərdən 2015-ci ilin aprelindən "Xoşqədəmlə axtarıram səni" adı altında ANS TV-də yayımlanıb.
2016-cı ilin sentyabrından 2021-ci il iyulunadək isə "Səni axtarıram Xoşqədəmlə" adı altında Xəzər TV-də efirə çıxıb.
2021-ci il noyabrın 22-dən hazırkı günə kimi "Səni axtarıram" ARB-də yayımlanır.
"Səni axtarıram" Azərbaycan televiziya məkanında ilk sosial-ictimai yükü, mesajı olan veriliş kimi tarixə düşüb.
Verilişin populyarlaşmasına səbəb onun təqdim etdiyi həyat hekayələrinin həqiqiliyi olub.
"Səni axtarıram" televiziya məkanında hər zaman öz ekspertləri ilə fərqlənib. Ölkənin ən tanınmış ictimai-siyasi ziyalıları, elm və mədəniyyət xadimləri, millət vəkilləri, jurnalistlər, nüfüzlu xarici qonaqlar ekspert qismində çıxış edib.
Azərbaycanda ilk dəfə "Səni axtarıram" sosial layihəsində ölkənin Baş nazirinin müavini və Parlamentin vitse spikeri ekspert qismində qatılıb.
Layihə dünyanın beş ölkəsində yayımlanan sosial proqramlarla telekörpü edərək növbəti dəfə televiziya tarixinə düşüb.
Doğmalarını itirən insanların axtarışı ilə məşğul olan "Səni axtarıram" verilişi Azərbaycan teleməkanının ən çox izlənən verilişləri sırasında yer alır.
İndiyədək veriliş sayəsində yüzlərlə itkin barədə məlumatlar dəqiqləşib, doğmalarını itirən onlarla insan tapılaraq yaxınlarına qovuşub.
Bu dramatik talelərlə bərabər layihə bir çox xeyirxah işlərlə də yadda qalıb.
Belə ki, ölkənin ən tanınmış həkimləri ilə dəfələrlə sərhəd bölgələrinə səfər edib, şəhid ailələrinin, qazilərin, sosial durumu çətin olan insanların əməliyyat və müalicə proseslərinə dəstək olub.
Həmçinin, xərçəngdən əziyyət çəkən insanların sağalmasına yardım edib.
Proqramın şəxsi təşəbbüsü və tamaşaçıların köməkliyi ilə sosial rifahı çətin olan bir çox şəxslərə evlər verilib.
Bu gün ölkənin ən məşhur məkanlarından birində proqramın yubileyi rəsmi şəkildə qeyd ediləcək.
Manset.az xəbər portalının kollektivi "Səni axtarıram" proqramının bütün əməkdaşlarını təbrik edir, onlara uğurlar diləyir və hər zaman reytinqdə birinci olmağı arzulayır.