Aprelin
10-da Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma
ADU-nun qonağı olub. Görüşdə Mədəni diplomatiya departamentinin rəhbəri Eszter
Pap, mədəniyyət və təhsil diplomatı Monika Felföldi də iştirak ediblər.
Manset.az xəbər verir ki, ADU-nun
rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları
universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və
Macarıstan arasında sıx iqtisadi, siyasi, elmi, mədəni əlaqələr mövcuddur. Beynəlxalq
əlaqələrin inkişafı özünü elmi, mədəni sahələrdə də yüksələn xətlə göstərməkdədir.
Macarıstanda fəaliyyətə başlayacaq Azərbaycan dili və mədəniyyəti mərkəzi
haqqında danışan rektor, qarşılıqlı əlaqələrin qurulması istiqamətində əlverişli
imkanların mövcudluğundan bəhs edib:
“Arzu edərdik
ki, macar həmkarlarımızla əlaqələrimiz daha da genişlənsin. Bu baxımdan kifayət
qədər yollar var. Əlaqələrimizin inkişafında göstərdiyiniz diqqət və qayğıya
görə təşəkkür edirəm. İnanıram ki, bu sahədə atdığınız addımlar əlaqələrimizin
inkişafına növbəti dəfə öz töhfəsini verəcək”.
Qonaqlara
ADU-nun QS reytinqlər cədvəlində qazandığı uğurlu nəticə haqqında məlumat
verilib. ADU beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verir. Dünyanın bir
sıra nüfuzlu universitetləri ADU ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Səmimi
qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU ilə əlaqələrin
perspektivlərindən söz açıb. Bildirilib ki, Macarıstan universitetləri ilə
ADU-nun əlaqələrinin möhkəmlənməsi istiqamətində səfirlik tərəfindən daima dəstək
göstəriləcək.
Görüşdə
Azərbaycan Dillər Universiteti ilə Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi
arasında əməkdaşlıq haqqında Memorandum yenilənib. 2022-ci il avqustun 2-də
bağlanmış müqavilə yenilənərək 3 illik müddətinə uzadılıb.
Daha
sonra səfir ADU-nun Macar Dili və Mədəniyyəti Mərkəzində olub, tələbələrlə
görüşüb.