2-4 aprel tarixlərində Tatarıstanın paytaxtı Kazanda “Enerqoprom-2025” beynəlxalq forumu və “KazanEXPO” sərgisi təşkil olunub. MDB ölkələrindən energetika nazirliklərinin rəhbər şəxsləri, 60-dan çox istehsalçı şirkətin qatıldığı tədbirdə “Azərişıq” ASC xüsusi info-stend formatında iştirak edib.
Manset.az xəbər verir ki, EXPO
sərgi meydançasında infoqrafik və interaktiv stenddə Azərbaycanın paylayıcı şəbəkələrində
son 10 il ərzində əldə edilən texnoloji, iqtisadi nailiyyətlər, Yaşıl Enerji
Zonası olan Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Azərbaycanın digər bölgələrində
həyata keçirilmiş yaşıl texnologiyaların tətbiqi, innovativ layihələr təqdim
olunub. “Azərişıq” ASC-nin “35/0,4 kV” müasir şəbəkə modeli və ölkənin
paylayıcı şəbəkələri tərəfindən tətbiq edilən smart həllər pavilyonun ziyarətçiləri
tərəfindən maraqla qarşılanıb.
Üç
gün davam edən tədbirdə "Azərişıq" ASC-nin gənc mütəxəssisləri "Azərişıq:
Müasir enerji effektivliyi və imkanlar" mövzusunda təqdimat hazırlayıb, həmçinin
"Texnoloji müstəqillik və rəqəmsal transformasiya" mövzusunda keçirilən
elmi-texniki konfransda iştirak ediblər.
“Azərişıq”
ASC-nin info stendini ziyarət edənlər arasında Tatarıstan Respublikasının rəisi
Rüstəm Minnixanov, Rusiya Federasiyasının Energetika naziri Sergey Tsivilev, “Enerqoprom-2025”
beynəlxalq enerji forumu və “KazanEXPO” sərgisinin digər fəxri qonaqları yer
alıblar. Onlar gənc mütəxəssislərlə sual-cavab edib, qonaqlara Azərbaycanın təmsil
olunduğu stend barədə ətraflı məlumatlar verilib.
Enerji
Forumu çərçivəsində Kazanda Rusiya Federasiyasının Energetika naziri Sergey
Tsivilevin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin Elektrik Energetikası
Şurasının 66-cı iclası keçirilib. Tədbirdə Azərbaycan enerji sisteminin son illərdə
əldə etdiyi nailiyyətlər barədə hesabatlar dinlənilərkən enerji
infrastrukturunun bərpası üçün göstərilən böyük həcmli işlər, ekoloji və sosial
aspektlər vurğulanıb.
Təbirin
son günündə bağlanış mərasimində iştirakçı ölkələrin gənc mütəxəssisləri müxtəlif
diplom və mükafatlarla təltif olunub.
Qeyd
edək ki, Enerqoprom-2025” beynəlxalq forumu və “KazanEXPO” sərgisinin təşkil
olunmasında əsas məqsəd beynəlxalq elektroenergetika müəssisələrinin nümayəndələrinin
təcrübə mübadiləsi keçməsi və qarşılıqlı əməkdaşlığa cəlb edilməsidir.