"Azərbaycanın Türk dünyası üçün əhəmiyyətini yalnız bir istiqamətdən qiymətləndirmək doğru olmazdı. Bu əhəmiyyət bir neçə istiqamətdən və aspektdən dəyərləndirilə bilər. Azərbaycan strateji əhəmiyyətə malik olmaqla yanaşı, Türk dünyasının mərkəzində yerləşən bir ölkədir. Bu gün Azərbaycan, Türkiyə ilə Orta Asiya Türk dövlətlərini birləşdirən mühüm bir körpü rolunu oynayır. Bu prosesin inkişafında və gələcəkdə Türk dünyasının, o cümlədən Türk Dövlətləri Təşkilatının və bütövlükdə Türklərin dünya miqyasında söz sahibi olmasında Azərbaycanın ciddi səyləri var".
Bu sözləri Manset.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, bildirib ki, Azərbaycan Türk dünyası üçün iqtisadi baxımdan da önəmli rol oynayır:
"Hərbi baxımdan da Azərbaycan strateji mövqeyə malik olan ölkələrdən biridir. Ümumilikdə, Türk dünyasının mədəni irsinin qorunması, adət-ənənələrinin və tarixinin yaşadılması sahəsində Azərbaycanın mühüm töhfələri və xidmətləri vardır. Bunu da qeyd etmək lazımdır ki, Türk dünyasının dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlərin — istər ədəbiyyatçılar, istər tarixçilər, istər hərbçilər, istərsə də siyasətçilər arasında Azərbaycan mənşəli ziyalıların xüsusi çəkisi var.
Bu baxımdan düşünürəm ki, Azərbaycanın Türk dünyası üçün böyük əhəmiyyəti mövcuddur. Azərbaycan bu yolda inamla addımlayır və digər ölkələr üçün nümunə rolu oynayır. Orta Asiya Türk dövlətləri, Türkiyə və digər türkdilli xalqlar Azərbaycanın bu gün apardığı siyasətin Türk dünyası üçün nə qədər faydalı olduğunu etiraf edir və yüksək qiymətləndirirlər".
Politoloq qeyd edib ki, xüsusilə də son illərdə Azərbaycanın Türk dünyası ilə əlaqələri daha da intensiv xarakter alıb:
"Prezidentin Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstana səfərləri, eyni zamanda həmin ölkələrin liderlərinin Azərbaycana etdiyi işgüzar və rəsmi səfərlər bu əməkdaşlığın inkişafı baxımından olduqca önəmlidir. Eyni zamanda, 44 günlük İkinci Qarabağ Savaşı da Türk dünyası və Azərbaycanın gələcəyi üçün qızıl hərflərlə yazılmış tarixi bir dönüş nöqtəsi oldu".
Seyranə Quliyeva