Elon Mask Tesla-nın Optimus robotlarını Marsa göndərməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Məlumatına görə, bu insanabənzər robotlar, SpaceX-in 2026-cı ilin sonunda həyata keçirəcəyi missiya çərçivəsində Qırmızı Planetə səyahət edəcək.
Mask bu barədə, "Ümid edirəm ki, Starship gələn ilin sonunda Optimus robot roverləri ilə Marsa gedəcək"! – deyə bildirib.
Optimus robotu ilk dəfə 2024-cü ilin oktyabrında gündəlik həyatda istifadə oluna bilən bir robot köməkçi olaraq təqdim edildi. Musk o zaman belə demişdi: "O, istədiyiniz hər şeyi edəcək... dostunuz olacaq, sizə içki təqdim edəcək, itinizi gəzdirəcək, otlarınızı biçəcək, alış-veriş edəcək. Ağlınıza gələn hər şeyi edəcək".
İndi isə robotlardan kosmosda avtonom tədqiqatçılar kimi istifadə etməkdən danışılır.
Mask, Marsı koloniyalaşdırmaq arzusunu dəfələrlə ifadə edib və sentyabr ayında yazmışdı: "Təxminən 20 il ərzində özünü təmin edən bir şəhər qurmaq məqsədi ilə uçuş sıxlığı eksponent olaraq artacaq".
Bununla yanaşı, bir çox ekspert bu ideyaya ehtiyatla yanaşır. Franklin İnstitutundan Derrik Pitts isə bildirib: "Bu, on il ərzində baş verə bilərmi? Bəlkə, amma çox risklə. Lakin mənə üç onillik vaxt versəniz, riskin məqbul səviyyəyə necə enə biləcəyini görə bilərəm".