Bağlanan bankların müştərilərinin NƏZƏRİNƏ

17:58 - 09 Aprel 2025

Bağlanan bankların müştərilərinin NƏZƏRİNƏ

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.


Manset.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılıb, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş “Atabank” ASC və “Amrahbank” ASC üzrə 08 may 2020-ci il tarixdə, “NBC Bank” ASC və “AGBank” ASC üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

LPO “Atabank” ASC və “Amrahbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 08 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra  əmanətçilər tərəfindən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv