Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
7 Aprel 2025
15:26 - 6 Aprel 2025
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAİ) “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.
Manset.az xəbər verir ki, Milli Məclisin sədri əlamətdar hadisə - Parlamentlərarası İttifaqın 150-ci yubiley Assambleyası münasibətilə təbriklərini çatdıraraq, bu tarixi tədbirin qardaş Özbəkistanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Özbəkistan hökumətinə və Senatına təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ümumi müzakirələr üçün seçilən mövzu bu günün aktual məsələlərindəndir. Təəssüf ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır. Son qiymətləndirmələr göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir – hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur. Sosial inkişaf məsələsinin bütün parlamentlər üçün aktual olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, əslində, insanlar sosial inkişafın mərkəzində durduğuna görə, xalqın seçilmiş nümayəndəsi olan parlamentlər də bu sahəyə diqqət yetirməlidirlər.
Milli Məclisin sədri bildirb ki, bu ilin noyabrında Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin keçiriləcəyini nəzərə alaraq, cari ümumi müzakirələr təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və mövqelərimizin ifadə olunması baxımından yaxşı fürsətdir. O qeyd edib ki, sosial inkişafa nail olmaq üçün DİM-lərin həyata keçirilməsi zamanı yalnız iqtisadi sütuna üstünlük verilmədən, kompleks yanaşmanın tətbiq olunması, sosial dövlətin və onun qoruyucu rolunun müvafiq qanunvericiliyin qəbulu və dəyişiklikləri ilə gücləndirilməsi, sosial inkişaf üzrə dövlət siyasətinin daha da gücləndirilməsi, həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir. Milli Məclisin sədri çıxışında Azərbaycanın təcrübə və nailiyyətləri haqqında geniş məlumat verərək, bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi:
“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub”.
Bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi var. Son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib. Milli Məclisin sədri onu da bildirib ki, son 30 il ərzində qaçqın və məcburi köçkünlərin sosial inteqrasiyası ölkəmizin əsas prioritetlərindən biri olub. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. İşğal nəticəsində 9 şəhər və yüzlərlə kənd, tarixi, mədəni və dini abidələr, infrastruktur tamamilə dağıdılıb. İşğalın yaratdığı ağır sosial-iqtisadi yüklərə baxmayaraq, hökumətimiz qaçqın və məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün bütün zəruri tədbirləri görüb. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra, hökumət bu ərazilərin bərpası, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub. İndiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu rəqəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmamızın daha bir göstəricisidir.
Spiker Sahibə Qafarova çıxışının sonunda onu da diqqətə çatdırıb ki, sosial inkişafı yalnız milli məsələ kimi qiymətləndirmək olmaz. Kopenhagen Bəyannaməsi beynəlxalq ictimaiyyətin birgə öhdəlik və səylərinin həlledici əhəmiyyətini tanıyır. Bu baxımdan, son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sadiqliyini aydın şəkildə nümayiş etdirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin