Kartdan sosial yardımını çıxarmayanların nəzərinə: Məhrum olacaqsınız - AÇIQLAMA

17:38 - 29 Noyabr 2021

Kartdan sosial yardımını çıxarmayanların nəzərinə: Məhrum olacaqsınız - AÇIQLAMA

Nəinki Azərbaycanda, bir çox inkişaf etmiş və inkşaf etməkdə olan ölkələrdə aztəminatlı ailələrə verilən sosial təminatın ən vacib formalarından biri ünvanlı dövlət yardımıdır.

Manşet.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib.

Amma bəzi hallarda şəxsə təyin edilən sosial yardımın dayandırılması halları da qaçılmazdır. Həmin faktlardan biri də, müəyyən müddət keçdikdən sonra çıxarılmayan müavinətlərin kartdan silinməsidir.

Bu hallarla qarşılaşan insanlar da az deyil. Kimisi bunun səbəbini bilsə də, əksəriyyət sosial müavinətin ödənişi üçün nəzərdə tutulan kartlardan niyə xəbərdarlıq edilmədən vəsaitin silindiyini bilmir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirdi ki, deyilənlər əssasız deyil. Belə ki, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə sosial müavinətin dayandırılması mümkündür.

Bəs hansı şəraitdə bu baş verə bilər?

“Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ünvanlı dövlət sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn iki ay müddətində kart hesabından götürülmədikdə elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Qeyd edim ki, aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir”.

Qeyd edək ki, belə bir hal 190 manat birdəfəlik ödəmələrin verilməsi zamanı da baş vermişdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentinin köməkçisi Şahmar Mövsümov ilk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış və buna görə də növbəti mərhələdə 190 manat almaqdan məhrum edilmiş şəxslərlə bağlı məsələyə münasibət bildirərkən demişdi ki, həmin pullar əmanət üçün verilməyib. Onun açıqlamasına görə, kimsə hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Hətta Prezident köməkçisinin bu sözügedən açıqlamasından sonra sosial şəbəkələrdə bir sıra müzakirələr başlamışdı. Amma əskinə olaraq bir qrup şəxs hesab edir ki, vətəndaşın 190 manata ehtiyacı varsa, onu vaxtında çıxarıb istifadə etməliydi.

Məsələyə biganə yanaşmayan millət vəkillərindən Erkin Qədirli isə hesab edir ki bu ödəniş vətəndaşın haqqıdır. Onun açıqlamasına görə, vətəndaş təyin edilən müavinəti kartdan istədiyi vaxt götürə bilər. Bu məsələyə vaxt məhdudiyyəti qoymaq doğru deyil.

Qeyd edək ki, Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən uşaqlara aylıq müavinətlərin dayandırılması ilə başlanılıb.

Metbuat.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin