Bakıda avtobuslarda sərnişinlərdən maska tələbi ləğv edilib - BNA-dan AÇIQLAMA

17:13 - 29 Noyabr 2021

Bakıda avtobuslarda sərnişinlərdən maska tələbi ləğv edilib - BNA-dan AÇIQLAMA

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin qaydalarına əsasən ictimai nəqliyyatda hər kəs tibbi maskadan istifadə etməlidir. Lakin paytaxtda marşrut avtobuslarından istifadə edənlər arasında bu tələbi yerinə yetirməyən insanlar var. 

Belə ki, son vaxtlar sərnişinlər avtobuslara maskasız daxil olurlar. Diqqət çəkən məqam isə əvvəlki vaxtlardan fərqli olaraq sürücülərin bununla bağlı heç bir irad bildirməməsidir. Əvvəllər sürücülər avtobusa maskasız daxil olan sərnişinlərdən qaydalara əməl etməyi tələb edirdilər. İndi isə sürücülər tərəfindən bununla bağlı heç bir xəbərdarlıq olunmur.

Manşet.az xəbər verir ki, məsələ ilə bağlı  açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, paytaxtda fəaliyyət göstərən avtobuslara daxil olan sərnişinlərdən tibbi maska taxmağı tələb etmək sürücülərin səlahiyyətinə aid məsələ deyil. Onun sözlərinə görə, sürücülərə avtobusa maskasız daxil olan sərnişinlərə buna görə hər hansı bir irad tutmaları barədə göstəriş verilməyib:

“Sürücülərin belə bir səlahiyyəti yoxdur ki, avtobusa daxil olan sərnişinlərə maskadan istifadə tələbi irəli sürsün. Maskadan istifadə etmək hər bir sərnişinin öz məsuliyyətində olan bir məsələdir. Sürücülər bunu sadəcə tövsiyə edə bilərlər. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, sürücü bununla bağlı hər maskadan istifadə etməyən sərnişinə irad bildirsə, bununla bağlı nələrsə desə, fikir bildirsə, bu, intervalda gecikmələrə səbəb olur. Eyni zamanda, təcrübə onu göstərdi ki, bu tələb müxtəlif vaxtlarda sürücü ilə sərnişin arasında mübahisələrin yaranmasına gətirib çıxarır. Ona görə həmçinin qanunvericiliklə də sürücünün üzərində belə bir səlahiyyət yoxdur ki, o maskadan istifadə etməyi tələb etsin. Sürücü bunu sadəcə tövsiyyə edə bilər. Eyni zamanda, texniki səsləndirmə mümkün olan avtobuslarda mütəmadi olaraq gün ərzində müəyyən qısa intervallarla maskadan istifadə etmək zərurəti barədə səsləndirmələr gedir. Burada sürücü ilə yanaşı eyni zamanda sərnişinlər də bir qədər ictimai qınaq yaratmalıdırlar. Kim ki, maskadan istifadə etmir, elə sərnişinlər də ona irad bildirə bilərlər, onu ictimai qınağa çəkə bilərlər ki, sağlamlıq üçün tibbi maskadan istifadə etmək lazımdır”.

BNA rəsmisi bildirib ki, əvvəllər pandemiyanın ilk vaxtlarında avtobus sürücülərinin nəqliyyat vasitəsinə daxil olan hər sərnişinə etdiyi maska xəbərdarlığı tövsiyə xarakteri daşıyırdı və sonradan bu məsələ mübahisə ilə nəticələnməyə başladı:

“Pandemiyanın ilk vaxtlarında sürücülərin maska tələbi tövsiyə xarakterli idi. Sonradan isə bu tələblər sürücülərlə sərnişinlər arasında mübahisələrə gətirib çıxardı. Hər avtobus dayanacağında bir-iki nəfər maskasız minəndə həmin şəxslərə maskadan istifadə etməyin zəruriliyi barədə fikirlər bildirəndə artıq sərnişin də bunu normal qəbul etmir və bu, mübahisələrə gətirib çıxarır. Ona görə də bu məsələ sürücünün səlahiyyətinə aid deyil və bu onun vəzifə borcu deyil ki, bunu tələb etsin”.

redaktor.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin