Azərbaycanda internet problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA

15:20 - 29 Noyabr 2021

Azərbaycanda internet problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA

Azərbaycanda internet zəifliyi bütün dövrlər üçün aktual olub. Lakin son illər dünyanı cənginə alan pandemiya səbəbindən internetə olan tələbat artdığı üçün problem qabarıq şəkildə insanları narahat etməyə başladı.

 

Şikayətlərə daha çox tələbələr və onlayn çalışanlar arasında rast gəlinir. Hətta yüksək ödəmələr edən şəxslər belə istədikləri səviyyədə internetdən istifadə edə bilmirlər.

Bəs internet problemində əsas səbəb nədir? Şəhər sakinləri problemi nədə görür?

Paytaxt sakini Dilbər Davudova deyir ki, ödəniş yüksək olsa da, sürət aşağıdır. Onun sözlərinə görə, bəzən internet ümumiyyətlə itir. Tural Həsənov da internet işarəsi olduğu halda istifadə edə bilmədiklərini deyir.

Ölkəmizdən fərqli olaraq qonşu ölkələrdə internetin keyfiyyəti necədir?

Qonşu ölkələrdə yaşayan həmyerlilərimizlə bu ölkələrin internet xidmətləri arasındakı fərqlər haqqında maraqlandıq. Türkiyədə təhsil alan həmyerlimiz Qoşqar Bəylərov ölkədəki internetin keyfiyyət və sürətinin onu qane etdiyini deyir.

Gürcüstanda təhsil alan həmyerlimiz Vəfa Mövlayeva oxuduğu müddət ərzində internetin həm çöl, həm də ev şəraitində yaxşı olduğunu, qiymətinin də münasib olduğunu qeyd edib.

Rusiyada yaşayan Mehparə Fətəlizadə də bildirir ki, internet keyfiyyətlidir. Sürət qiymətə görə seçilir.

Manşet.az xəbər verir ki, mövzu ilə bağlı azərbaycanlı ekspert Elvin Abbasovla əlaqə saxladıq. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, internet xətt üzərindən gedir və xətlərin keyfiyyətsiz və keyfiyyətli olmasının internetə təsiri böyükdür.

“Eyni zamanda özəl provayderlərin iş prinsipi də bu problemin səbəbi ola bilər. Mümkündür ki, müqavilədə göstərilən sürət tam verilmir. Eyni zamanda bəzi provayderlər gündüzlər sürəti aşağı salır, axşam isə qaldırılır. Bu, müqavilə öhdəliyinə görə dəyişir.

“İnternet problemi” deyəndə bunun altında onlarla fərqli məqamlar var. Bəzən xətlərdə hər şey qaydasında olur, amma provayder daxilində problem yaranır. Yəni o, interneti düzgün bölmür və ya onun texniki problemi olur. Bəzən də nə xətdə, nə də daxildə problem olmur, əksinə vətəndaşın kompüterində və ya telefonunda problem olur. Bu səbəbləri artıra bilərəm. Amma bunu ümumi olaraq “internet problemi” kimi adlandırırlar.

Ekspert qeyd edir ki, 2 il ərzində problem öz həllini tam tapacaq. Ölkədə “Fiber Optik” internet tam şəkildə yayılandan sonra internet sürəti də yaxşılaşacaq.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də BAKU.WS-ə açıqlamasında bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli rəhbərliyi bu problemi aradan qaldırmaq üçün son dövrlərdə "Dövlət Özəl" tərəfdaşlığı təşəbbüsü irəli sürüb. Yəni dövlət provayderi özəl provayderlə birlikdə Bakı ətrafında və regionlarda internet infrastukturu qurub.

“Bu infrastrukturla Bakı və ətrafı kəndləri, o cümlədən regionlarda təkcə rayon mərkəzində deyil, kəndlərin ən ucqar nöqtəsində yerləşən vətəndaşlara da keyfiyyətli internet əlçatan olsun. Nazirliyin açıqlamasına görə bu proses 2 il çəkəcək".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin