"Melissa park"ın rəhbərini hansı cəza gözləyir?- AÇIQLAMA

11:39 - 28 Mart 2025

Xəbər verdiyimiz kimi, Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Hazırda şirkətin rəhbəri və bir neçə əməkdaşı həbs edilib. Sakinlərin şirkətin təklif etdiyi ödənişlə razılaşmadıqları iddia olunur.  Bəs, qanunsuz söküntü aparan şirkəti hansı cəza gözləyir?

 

Mövzu ilə Manset.az-a danışan hüquqşunas Ramil Süleymanov bildirib ki, bu tamamilə qanunsuz bir davranışdır:

"Ümumiyyətlə, bu gün Bakı şəhərində aparılan tikinti və söküntü işlərinin bir çoxu məhz belə qanunsuzluqlarla müşahidə olunur. Sadəcə olaraq, burada vətəndaş bir az ayıq-sayıq davranıb prosesi çəkib və ictimailəşdirərək cəmiyyətin buna hiddətinə səbəb olduğu üçün operativ tədbir görülüb. Nəticədə, tikinti şirkətinin rəhbəri saxlanılıb.

Zaman-zaman sosial şəbəkələrdə də görünür ki, "Melissa Park"ın vətəndaşlara qarşı kobud davranışı, rəhbərliyinin və işçilərinin söküntü işlərini icra edərkən insanların əmlakına qanunsuz müdaxilə halları kifayət qədər çoxdur. Bu halda, tikinti şirkətinin rəhbərinin və ümumiyyətlə, tikinti şirkətinin bu cür davranışı Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 221, 222 və 222-1-ci maddələrinin təsir dairəsinə düşür. Belə ki, əmlakın qəsdən məhv edilməsi və digər hüquqazidd əməllər cinayət hesab olunur. Bu cinayətə görə şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən bir ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası ala bilər.

Eyni zamanda, Cinayət Məcəlləsinin 222-ci maddəsində qeyd olunur ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, tikinti obyektinin sökülməsi və yenidən qurulması işlərinin qanunsuz aparılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin təsir dairəsinə daxildir. Bu əməllərə görə şəxs, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Özbaşına tikinti işlərinin aparılması isə açıq-aşkar Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bildirildiyi kimi, müvafiq sərəncam alınmadan həyata keçirilmişdir. Nəticədə, həmin əmlak özbaşına qaydada söküntüyə məruz qalmış və bu, qanunsuz şəkildə baş vermişdir. Özbaşına tikinti işlərinin aparılması Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin sanksiyasına daxildir. Belə ki, qanunvericilikdə müəyyən olunmuş qaydada tikinti üçün icazə tələb olunur. İcazə alınmadan tikintinin aparılması, insanların həyat və sağlamlığına real təhlükə yaratdığı halda, iki ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

Ramil Süleymanov onu da vurğulayıb ki, qeyd olunan söküntü işləri aparılmadan əvvəl ərazinin hasarlanması və torpağın qanunsuz şəkildə zəbt olunması məsələsi də mövcuddur:

"Bu isə Cinayət Məcəlləsinin 188-ci maddəsinin təsir dairəsinə daxildir. Həmin maddənin sanksiyasına görə, torpağın özbaşına tutulması və qanunsuz hasarlama işlərinin aparılması 8-10 min manat məbləğində cərimə və ya iki ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hal-hazırda Bakının bir sıra yerlərində tikinti şirkətlərinin özbaşına davranışları müşahidə olunmaqdadır. Ümid edirəm ki, "Melissa" qrupunun rəhbərinin məsuliyyətə cəlb olunması digər şirkətlər üçün də xəbərdarlıq olacaqdır".

 

Seyranə Quliyeva


Xəbər xətti

31 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin