Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi

11:01 - 26 Mart 2025

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, yalnız sabitliyi və inkişafı üçün deyil, həm də bir xalqın inkişafının formalaşdırılmasında əvəzsiz rol oynayır. Bu cür inkişaf, gələcək nəsillərin öz inkişafı və mədəniyyətlərinə bağlı olması, həmçinin vətəndaşlıq məsuliyyətlərini dərk etmələrinə kömək edir.

 

 

Mövzu ilə bağlı Manset.az-a danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən çox möhkəm əsaslar üzərində qurulmuşdur:

"Həmin siyasət bu gün də davam etdirilir və bu siyasətin təməlində əsas faktorlardan biri gənc nəslin vətənpərvərlik ruhunda, milli dəyərlər ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin savadlı, bilikli, mənəvi baxımdan sağlam, fiziki baxımdan güclü olması kimi elementlər bu siyasətin ümumi ana xəttini təşkil edir. Bu istiqamətdə görülən işlərin nəticəsi təbii ki, göz önündədir. Davamlı olaraq dövlətin gənclər siyasətini həyata keçirən qurum kimi Gənclər və İdman Nazirliyi bu istiqamətdə ardıcıl, davamlı və sistemli işlər görməkdədir. Ümumilikdə, ölkə başçımızın xüsusilə gənclərə olan diqqəti və qayğısı, hesab edirəm ki, uğurlu gənclər siyasətimizin davam etdirilməsinə böyük töhfə verir. Cənab Prezidentin təşəbbüsü ilə bu istiqamətdə gənclərə yönəlmiş müxtəlif proqramların icrası, gənclərin inkişafına bağlı dövlət strategiyasının qəbul olunması və imzalanan bütün sənədlərdə gənclərin tərbiyə olunması hər zaman önəm daşıyır. Mən xüsusilə xatırlayıram ki, cənab Prezidentin çıxışlarında milli şüurun, milli dəyərlər ruhunda gənclərin tərbiyə olunmasının əhəmiyyətinə hər zaman toxunulub. Ölkə başçımız haqlı olaraq qeyd edib ki, Azərbaycan xalqının yaratdığı dəyərlər gənclərə aşılanmalıdır. Gənclər o dəyərlərə sahiblənməli, onları davam etdirməli və gələcək nəsillərə ötürməlidirlər".

 

İlqar Orucov qeyd edib ki, bu gün dünyada kifayət qədər qlobal təhdidlər mövcuddur:

"Bu təhdidlərdən biri də milli dəyərlərimizi, xalqımızın yaratdığı o dəyərləri sıradan çıxarmaq qorxusudur. Bu təhdidlər, həqiqətən də, xalqları identifikliyindən, fərdiliyindən və sahib olduğu dəyərlərdən uzaqlaşdırmaq kimi böyük bir qlobal təhlükə yaradır. Cənab Prezident təhsil müəssisələrinə, təhsil qurumlarına, gənclər və idman sahəsində fəaliyyət göstərən qurumlara, ümumilikdə ölkəmizdə bütün dövlət strukturlarına bu istiqamətdə xüsusi diqqət yetirir. Cənab Prezidentin bu istiqamətdə etdiyi nitqlər və irəli sürdüyü tezislər bütün dövlət qurumları üçün proqram xarakterli tezislərdir. Torpaqlarımızın işğalda olduğu dövrdə, 30 illik həsrət zamanı, məhz bu ruhda gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər nəticəsində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərin səfərbər olunması mümkün oldu. Cənab Prezident xüsusilə vurğuladı ki, onun hakimiyyəti dövründə Qarabağı görməyən gənclər gəlib o torpaqları azad etdilər. Deməli, tərbiyə düzgün verilmişdi, vətənpərvərlik hissi düzgün aşılanmışdı. Qarabağda bir dəfə olmayan gənclər o torpaqların azad olunmasında misilsiz qəhrəmanlıqlar göstərdilər. Qəhrəman Azərbaycan xalqı bir daha sübut etdi ki, onun çox mükəmməl dəyərləri var. Bu dəyərlər torpağa, vətənə bağlılıq, onların yolunda canından keçmək, vətənin əsgəri kimi müqəddəs bir missiyanı həyata keçirməkdir. Bu müqəddəs amalları özündə daşıyan təməl prinsiplər xalqımızın genindən, qanından gələn hisslərdir. Onlar mütləq şəkildə yaşamalıdır. Bu gün hesab edirəm ki, postmüharibə dövrünün çağırışlarından biri də ondan ibarətdir ki, biz ayıq-sayıqlığımızı itirməyək. Azərbaycanın qazandığı tarixi qələbədən sonra bu qələbəni həzm edə bilməyən qüvvələr, beynəlxalq güclər və institutlar mövcuddur. Eyni zamanda, dövlətimizin bu qələbəsini qəbul edə bilməyən və düşmən tərəfə hər zaman dəstək ifadə etmiş dövlətlər və xalqlar var. Onlar, təbii ki, bu qələbədən sonra Azərbaycan xalqının birliyindən, milli birliyindən və yüksək vətənpərvərlik hisslərindən narahatdırlar. Onlar ölkəmizdə hədəf olaraq gəncləri seçəcəklər. Bu, başa düşüləndir və hesab edirəm ki, biz ayıq-sayıq olmalıyıq. Daim bu istiqamətdə işlər gücləndirilməlidir. Gənclər diqqətdə saxlanmalı, onlarla maarifləndirici işlər aparılmalıdır. Ailələrdə də gənclərlə işlər görülməlidir. Bu istiqamətdə hesab edirəm ki, mətbuatın və televiziyaların üzərinə böyük vəzifə düşür. Əlbəttə ki, kütləvi informasiya vasitələri bu gün başqa bir formatda özünü göstərir, amma hesab edirəm ki, dövlət və dövləti güclü edən xalq, cəmiyyət olaraq biz hər birimiz öz sahəmizdə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Milli dəyərlər ruhunun gücləndirilməsi, milli şüurun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin heç zaman ikinci plana keçməməsi üçün daim ayıq-sayıq olmalı və üzərimizə düşən missiyanı həyata keçirməliyik".

Mövzu ilə bağlı fikirlərini bölüşən  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov isə vurğulayıb ki, Azərbaycanın gənc nəsli bu gün dünya gəncliyinə nümunə ola biləcək qəhrəmanlıqları ilə diqqəti cəlb edir:

"44 günlük Vətən müharibəsi, Vətən müharibəsindən sonra bir günlük antiterror əməliyyatı və nəhayət, Qarabağda və Şərqi Zəngəzurda gecə-gündüz davam edən bərpa və quruculuq işləri göstərir ki, Azərbaycan gəncliyi öz uğurları və qəhrəmanlığı ilə həmişə xalqına uğur gətirib. Doğrudur, sovet dönəminin ideologiyası Azərbaycan gəncinə mənfi təsir göstərsə də, Azərbaycan gəncləri ruhdan düşmədi. Hətta sovet dönəmində belə müstəqil olmaq, azad olmaq və öz istiqlalını qorumaq üçün mübarizəsini davam etdirdi. Yəni, Azərbaycan gəncliyinin böyük əksəriyyəti hələ sovet dönəmində belə Vətənə, torpağa və dövlətə bağlı düşüncələrini itirməmişdi. Assimilasiya olunmadı və təsadüfi deyil ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində erməni daşnak qüvvələrinin Azərbaycan torpaqlarına iddiası olanda Azərbaycan gəncliyi buna dözmədi, etirazını bildirdi. Mitinqlərlə, nümayişlərlə erməni məkrinə qarşı mübarizə apardı və vəziyyət çətinləşəndə əlinə silah alıb cəbhəyə getdi, döyüşlərdə iştirak etdi və qəhrəmanlığını göstərdi.

Təbii ki, dövlətin, yəni Azərbaycan dövlətinin də Azərbaycan gəncliyinə çox böyük dəstəyi var. Münasibət çox səmimidir və ümummilli lider Heydər Əliyev gənclərlə həyata keçirilən siyasətin təməlini qoydu. Azərbaycan gəncliyini həmişə müdafiə etdi, onu qorudu və onun inkişafı üçün əlindən gələni etdi. Təsadüfi deyil ki, bu siyasət bu gün də Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Ali Baş Komandan 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinin dörd şərtini göstərdi. O şərtlərdən biri də dövlət başçısının sözləri ilə desək, "17 illik hakimiyyətim dövründə əsgərdən bir gün ayrı durmadım." Yəni, gənclik həmişə Azərbaycan dövləti və dövlət başçısı üçün böyük güc olub, güc mənbəyi olub. Dövlət də bu gəncliyə hər gün qayğı göstərib. Prezident buna görə qələbənin dörd şərtindən biri kimi Azərbaycan əsgərinin qayğısını, qəhrəmanlığını və şücaətini vurğulayıb.

Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan gəncliyi ilk dəfə olaraq özünü güc kimi hiss etdi. Azərbaycanın gücü kimi, Azərbaycan torpağının sahibi kimi hiss etdi və bu gün də gəncliyə bu qayğı göstərilir. Azərbaycan gəncliyi də Vətəni gecə-gündüz qorumaq, Qarabağı cənnətə çevirmək üçün bərpa və quruculuq işlərində uğurla fəaliyyət göstərir".

 

Seyranə Quliyeva 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


Xəbər xətti

29 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin