Sahibə Qafarovaya “Dostluq" ordeni təqdim edildi

18:46 - 17 Mart 2025

Sahibə Qafarovaya “Dostluq

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Bu barədə Manset.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Əvvəlcə tərəflər arasında təkbətək görüş olub. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

S.Qafarova parlamentlərimiz arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə səfəri və paytaxt Bakının sürətli inkişafı haqqında müsbət təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb.

Federasiya Şurasının sədri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib, bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb.

V.Matviyenko həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin, nəhəng iqtisadi layihələri uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb. O cümlədən, COP29 çərçivəsində təşkil olunmuş Parlament Toplantısının əhəmiyyətindən danışıb.


Xəbər xətti

17 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin