Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

12:35 - 4 Mart 2025

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycanın regionlarında sosial-iqtisadi inkişafın gücləndirilməsi, ölkənin ümumi inkişafını dəstəkləmək, regionlar arasında tarazlılıq yaratmaq və sosial rifahı artırmaq məqsədini daşıyan çoxsaylı proqramları və strategiyaları əhatə edir. Bu məqsədlə ölkəmizdə bir sıra həyata tədbirlər və təşəbbüslər həyata keçirilir. Azərbaycanın regionlarında sosial-iqtisadi inkişafın gücləndirilməsi məqsədilə həyata keçirilən strategiyalar, dövlətin regional siyasətinin əsasını təşkil edir. Bu tədbirlər, regionların özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq, iqtisadiyyatın şaxələndirilməsi, iş yerlərinin yaradılması, sosial infrastrukturun inkişafı və əhalinin rifahının yaxşılaşdırılması məqsədini güdür.

 

Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dörd dövlət proqramı şəhər və kəndlərimizin mənzərəsinin dəyişməsinə, sosial vəziyyətin yaxşılaşdırılmasına və iqtisadi inkişafa imkan yaradıb:

"Əgər bu gün ölkə iqtisadiyyatı son illərdə 4,10%, 7%, qeyri-neft sektoru 6,1%, kənd təsərrüfatı isə 2% inkişaf edibsə, bu, regionlarda aparılan tədbirlər və görülən işlərlə sıx əlaqədardır. Çoxsaylı məktəblər tikilib, xəstəxanalar istifadəyə verilib, iş yerləri yaradılıb.

Əlbəttə ki, bunlar insanların işlə təmin olunmasında, məşğulluğun artırılmasında və əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır.

Bu gün regionlarda işıq, yol, su problemləri demək olar ki, yoxdur. Qazlaşdırma ölkə üzrə 97% həyata keçirilir. Müvafiq tədbirlərin görülməsi nəticəsində bu məsələlərin yaxın zamanda tam həll ediləcəyi gözlənilir. Regionlarda çoxsaylı tikinti obyektləri istifadəyə verilmişdir.

Aqrar sektorun inkişafı üçün mühüm tədbirlər görülür və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Güzəştli kreditlərin və subsidiyaların verilməsində əsaslı dönüş yaranmışdır. Keçən il fermerlərə 263,5 milyon manat güzəştli kredit və subsidiya verilmişdir.

Əlbəttə ki, bunlar görülən işlərdir və sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə də yenidənqurma, abadlıq və bərpa işləri sürətlə həyata keçirilir.

Qarabağ iqtisadi rayonunda, Şərqi Zəngəzurda görülən işlər gələcək inkişaf üçün böyük zəmin yaradır. Artıq 40 minə yaxın insan həmin regionlarda məşğuldur. Həmin ərazilərdə məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilib, avtomobil yolları çəkilib, körpülər salınıb, infrastruktur qurulub və əhalinin məşğulluğu üçün mühüm tədbirlər görülüb".

Tahir Rzayev qeyd edib ki, bir çox insanlar həm ev, həm torpaq sahəsi, həm də işlə təmin olunmuşdur. Son məlumatlara görə, həmin ərazilərdə 100 min hektarlarla torpaq sahəsi artıq minalardan təmizlənərək iqtisadi dövriyyəyə daxil edilib:

"Əlbəttə ki, bu uğurlar və nailiyyətlər çoxdur. Lakin ən vacib məqam odur ki, bu gün insanların ictimai, siyasi və iqtisadi həyatda rolu təqdirəlayiqdir. Görülən işlər ölkənin gələcək inkişafından xəbər verir.

İşğaldan azad olunmuş ərazilərin bərpası bu gün qarşıda duran birinci vəzifədir. Həmin ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan regionlarının tez bir zamanda müasir kəndlərə və şəhərlərə çevriləcəyini göstərir. Bu gün Şuşa, Xocalı, Xankəndi, Füzuli, Zəngilan öz simasını dəyişməkdədir. Əlbəttə ki, bu proses bütün regionlara xasdır və görülən işlər vətəndaşları ürəkdən sevindirir". 

 

Seyranə Quliyeva

6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin