Azərbaycanın məşhur xalq artisti vəfat etdi - SON DƏQİQƏ
17 Mart 2025
19:35 - 16 Mart 2025
“"Azərsu" uzun müddətdir zərərlə fəaliyyət göstərir. Şirkətin balansı müsbət deyil və bu zərər getdikcə artır”.
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov deyib. O, 2022-ci ildə şirkətin yığılmış zərərinin 8 milyard manatı keçdiyini vurğulayıb:
“Bu zərərin əsas səbəbi kimi göstərilirdi ki, "Azərsu"nun göstərdiyi su və kanalizasiya xidmətlərinin maya dəyəri onların satış qiymətindən yüksəkdir. Buna görə də 4 il əvvəl suyun qiymətində əhəmiyyətli artım edildi. Bu addımın əsas məqsədi "Azərsu"nu maliyyə böhranından çıxarmaq idi. Lakin məlum oldu ki, qiymət artımı belə şirkətin vəziyyətini düzəltmədi. Bununla belə, rəsmi açıqlamalara görə, hazırda suyun qiymətinin artırılması gündəmdə deyil və "Azərsu" bu barədə Tarif Şurasına müraciət etməyib. Amma bu, gələcəkdə belə bir addımın atılmayacağı anlamına gəlmir. Əksinə, problem həll edilmədiyi müddətcə həm dövlət, həm də vətəndaşlar üçün risk olaraq qalacaq”.
Ekspert bunun yalnız "Azərsu"ya xas olan məsələ olmadığını deyib.
Onun sözlərinə görə, son vaxtlar elektrik və qaz qiymətlərində də artımlar baş verib və səbəblər eynidir. Təəssüf ki, "Azərsu" da daxil olmaqla, bir çox dövlət şirkətləri maliyyə baxımından qeyri-şəffaf işləyir. Onların maliyyə göstəriciləri tam açıq deyil və bu da problemlərin dərinləşməsinə səbəb olur:
“"Azərsu"nun zərərlə işləməsinin əsas səbəblərindən biri idarəetmədəki problemlərdir. Şirkətdə həddən artıq işçi heyəti saxlanılır, layihələr keyfiyyətsiz və maliyyə şəffaflığı olmadan idarə olunur, qiymətlər süni şəkildə şişirdilir. Bu da şirkətin maliyyə yükünü artırır, əsas vəsaitlər düzgün idarə edilmir. Eyni zamanda su infrastrukturunun yenilənməsi və saxlanması bahalı bir prosesdir və ciddi layihələr tələb edir. Ona görə də şirkətdə layihə idarəetməsi tətbiq olunmalıdır. Təcrübə göstərir ki, bir çox dövlət şirkətləri layihə idarəetmə qaydalarına əməl etmir. Məsələn, illər əvvəl SOCAR-a layihə idarəetməsi qaydaları təklif olunsa da, onlar bunu tətbiq etməyiblər. Bu problem təkcə SOCAR-da deyil, digər dövlət şirkətlərində də mövcuddur. Dövlət şirkətləri qaydaları qəbul etmədikləri üçün maliyyə sistemi qeyri-şəffaf işləyir və bu da korrupsiya hallarının baş verməsinə şərait yaradır.
Bundan başqa, "Azərsu"nun maliyyə problemlərinin bir səbəbi də texniki-iqtisadi əsaslandırmaların lazımi səviyyədə aparılmamasıdır. Bu isə İqtisadiyyat Nazirliyinin məsuliyyətindədir. Nazirlik nə öz layihələrində bu tələbi qoyur, nə də ümumilikdə ölkədə bu sahədə vahid qaydalar hazırlayır. Dünyada iqtisadiyyat nazirliklərinin əsas vəzifəsi dövlətin əsas vəsaitlərini səmərəli idarə etməkdir. Lakin bizdə bu proseslər qeyri-şəffaf aparılır, nəticədə keyfiyyətsiz layihələr icra olunur, xərclər isə gəlirlərdən yüksək olur”.
E.Rəşidov qeyd edib ki, Azərbaycanda dövlət qurumlarında korrupsiya ilə bağlı problemlər mövcuddur və bu, müxtəlif hesabatlarda, o cümlədən Hesablama Palatasının hesabatlarında öz əksini tapır:
“Məsələn, 2022-ci ildə Hesablama Palatası "Azərsu"nun maliyyə fəaliyyətini yoxlayarkən ciddi pozuntular aşkar etmişdi. Lakin bu pozuntularla bağlı real tədbirlərin görüldüyünü görmürük. "Azərsu" ilə bağlı bir çox korrupsiya iddiaları gündəmə gəlsə də, bu məsələlər həll olunmur. Əgər sistem şəffaf və qaydalara uyğun işləsəydi, "Azərsu" bu qədər zərər yığmazdı və maliyyə baxımından gəlirli fəaliyyət göstərə bilərdi. Bundan başqa, su və kanalizasiya xidmətlərinin qiymətləri də aşağ sala bilərdi. Bu problemlərin həlli üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə, "Azərsu"nun maliyyə fəaliyyəti beynəlxalq auditorlar tərəfindən yoxlanılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Çünki dövlət şirkətlərinin idarəetməsində ictimai nəzarət mühüm rol oynamalı və ən yüksəkdə durmalıdır. Dövlət şirkətlərinin Müşahidə Şuralarında ictimaiyyət, o cümlədən müstəqil vətəndaş cəmiyyəti üzvləri təmsil olunmalıdır”.
İqtisadçı elektron satınalmalar və tenderlərin tam şəffaf və rəqabətli keçirilməli olduğunu da vurğulayıb:
“Dövlət vəsaitlərinin monitorinqi aparılmalı, layihələrə ayrılan büdcənin hara xərcləndiyi izlənməlidir. Layihə idarəetməsi qaydaları təkcə "Azərsu" üçün deyil, bütün dövlət şirkətləri üçün tətbiq edilməlidir. Bu qaydalar olmadığı üçün hazırda korrupsiya halları üçün geniş imkanlar yaradılır. Hesablama Palatası tərəfindən aşkarlanan maliyyə pozuntuları üzrə real tədbirlər görülməlidir. Hazırda bütün sözlər havaya deyilir. Su təchizatında sızıntılar aradan qaldırılmalı, boru xətləri təmir edilməli, daha müasir və enerjiyə qənaət edən texnologiyalar tətbiq olunmalıdır. Alternativ su mənbələri, məsələn, yağış sularının toplanması və təkrar istifadəsi kimi metodlar da nəzərdən keçirilməlidir. Bundan əlavə, ölkədə diferensial qiymətlər tətbiq olunmalıdır. Əgər biri su mənbələrinə yaxın bölgələrdə yerləşirsə, ona suyun maya dəyəri daha ucuz başa gəlirsə, o, niyə suyun baha olduğu yerlərdəki tarifi ödəməlidir? Həmin kəslər üçün suyun qiyməti ucuz olmalıdır. Hazırda Bakı ilə su mənbəyi olan kəndlərdə qiymətlərin eyni olması ədalətli deyil. İnsanları uzunmüddətli perspektivdə su mənbələrinə yaxın yerlərdə yaşamağa həvəsləndirmək həm iqtisadi, həm də ekoloji baxımdan daha səmərəlidir. Suyun təmizlənməsi və ötürülməsində enerjiyə qənaət edən texnologiyalar tətbiq edilməlidir. Hazırda bu sahədə vəziyyət qənaətbəxş deyil. Əgər qeyd olunan addımlar atılarsa, "Azərsu" gəlirlə işləyəcək, su xidmətlərinin qiymətləri daha münasib olacaq və yığılan zərərlər gələcək nəsillər üçün problem yaratmayacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin