Restoranlar bu qaydalara riayət etməlidir - AÇIQLAMA

21:45 - 11 Mart 2025

Restoranlar bu qaydalara riayət etməlidir - AÇIQLAMA

“Restoranlar, şadlıq sarayları və digər ictimai iaşə obyektləri yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməlidirlər. Bu tələblər bütün təyinatlı obyektlərə aiddir. Yanğın təhlükəsizliyi ilə bağlı tələblərin yerinə yetirilməsi obyektin fəaliyyətinə cavabdeh olan şəxslər tərəfindən təmin edilməlidir”.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev restoranların təhülükəsizlik tədbirlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, restoran və şadlıq saraylarının fəaliyyəti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır:

“Obyektin icbari sığortası mütləq olmalıdır. Bundan əlavə, müəssisədə yanğın təhlükəsizliyi rejimi yaradılmalı və bu rejim daxili əmrlə müəyyənləşdirilməlidir. İşçilərin hər birinin yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlı olması və fövqəladə hallarda nə etməli olduqlarını bilmələri vacibdir. Təcrübə göstərir ki, bəzi hallarda yanğın baş verdikdə işçilər hansı addımları atmalı olduqlarını bilmirlər. Bu isə obyekt daxilində koordinasiyanın zəif olması ilə bağlıdır. Ofisiantlar, mühafizəçilər, administratorlar, mətbəx işçiləri və digər personal yanğın təhlükəsi baş verdikdə hansı addımları atmalı olduqlarını bilməli, bir-biri ilə koordinasiyalı şəkildə işləməlidirlər. Bu, həm insan tələfatının, həm də maddi ziyanın minimuma endirilməsinə kömək edir”.

Mütəxəssis bir sıra təhlükəsizlik nüanslarını qeyd edib:

“Təxliyə planı hazırlanmalı və obyektin görkəmli yerlərində asılmalıdır. Çıxış yollarında "Çıxış" işarələri yerləşdirilməli və bu işarələrin enerji təminatı mərkəzi işıq sistemindən asılı olmamalıdır. Su ehtiyatı mütləq təmin olunmalı və bu su başqa məqsədlər üçün istifadə edilməməlidir. Yanğın hidrantları, yanğın dirəkləri və nasosxanalar saz vəziyyətdə saxlanmalı, onların fəaliyyəti hər ay yoxlanılmalı və bununla bağlı jurnal tərtib edilməlidir. Yanma qabiliyyəti yüksək olan materiallar təhlükəsizlik qaydalarına uyğun saxlanılmalı, anbarda isə yanğın təhlükəsizliyi normativlərinə uyğun qablaşdırılmalıdır. Elektrik naqilləri yanar materialların üzərindən keçməməli, onların izolyasiyası yüksək müqavimət göstərməli və nasaz vəziyyətdə olmamalıdır”.

E.Nurəliyevin sözlərinə görə, bəzi hallarda naqillər yanar materialların üzərindən keçir və ya izolyasiya yetərincə davamlı olmur ki, bu da ciddi təhlükə yaradır:

“Elektrik sistemində hər hansı nasazlıq yaranarsa, bu problem yalnız ixtisaslaşmış müəssisələr tərəfindən aradan qaldırılmalıdır. Kustar üsullarla görülən işlər qətiyyən yolverilməzdir. Statistik məlumatlar göstərir ki, yanğınların böyük əksəriyyəti məhz elektrik təsərrüfatındakı problemlər səbəbindən baş verir. Normadan artıq yüklənmə, naqillərin keyfiyyətsiz izolyasiyası və gərginliyə qarşı zəif müqaviməti ciddi nəzarət altında saxlanılmalıdır. Bütün bu yoxlamalar mütəxəssislər tərəfindən aparılmalı və sınaq protokolu tərtib olunmalıdır. Yanğınsöndürən balonlar işlək vəziyyətdə saxlanmalı, istifadə müddəti mütəmadi olaraq yoxlanmalı və daşınma qaydalarına uyğun yerləşdirilməlidir. Həmçinin, işçilər odsöndürən balonlardan düzgün istifadə qaydalarını bilməli və fövqəladə hallara hazır olmalıdırlar. Bütün bu tədbirlər obyektin təhlükəsizliyini artırmaqla yanaşı, insanların həyatını qorumağa və maddi ziyanın qarşısını almağa kömək edir. Restoran və şadlıq saraylarının rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməli və bu məsələyə laqeyd yanaşmamalıdırlar”.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin