"Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun zirvə nöqtəsini Zəngəzur dəhlizi təşkil edir" - AÇIQLAMA

12:34 - 10 Mart 2025

"Bu gün türk dünyası parçalanmış vəziyyətə salınıb. Bunun əsası Cümhuriyyət dövründə İrəvanın Ermənistana verilməsi ilə qoyulmuşdu. Şübhəsiz ki, bu proses Azərbaycan SSR-dən Ermənistan SSR-ə Cənub-Şərq torpaqlarının verilməsi ilə özünü göstərdi. Bundan sonra Atatürkün tarix qarşısındakı böyük xidmətlərindən biri kimi Naxçıvanla Türkiyənin əlaqəsinin qorunub saxlanılması təmin edildi. Bu, sonrakı tarixi proseslərdə bir ümid işığı yaratmış oldu".

 

Bu sözləri Manset.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib. O, bildirib ki, türk dünyasının birliyi, vahidliyi, böyük bir güc mərkəzi kimi meydana çıxması bölgədəki geostrateji güc münasibətlərini dəyişdirə bilər:

"Bu, hətta 100 il əvvəl məlum olan bir həqiqət idi. Çünki Orta Qafqaz və Orta Asiya coğrafi zonasına baxdıqda, o cümlədən Anadoluya qədər bütün bu ərazilərdə türk əsilli xalqlar yaşayır. Ona görə də onların sahib olduğu dövlətlərin tarix səhnəsindən silinməsinə çalışdılar. Xüsusən Türkiyə ilə Azərbaycanın münasibətlərinin, eləcə də Azərbaycan ilə Naxçıvanın əlaqələrinin kəsilməsi həmin siyasətin nəticəsində mümkün oldu.

Naxçıvan o dövrdə, ümumiyyətlə, SSRİ dönəmində, hətta 1919-cu ildə belə işğal mövzusu olub. SSRİ dönəmi daxil olmaqla, üstəlik, Qarabağ müharibəsi başlayanda üç mərhələnin üçünü də Azərbaycan tərəfi dəf etdi. Sonuncu mərhələdə isə, əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qorunub saxlanıldı. Bu savaş həm də Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması uğrunda bir mübarizə idi. Nəticədə Azərbaycanın bütövlüyü mümkün oldu".

Əziz Əlibəyli qeyd edib ki, bu gün həmin siyasətin nəticələrinin aradan qaldırılması ilə bağlı önəmli bir mərhələyə gəlib çıxmışıq:

"Azərbaycanın regional güc kimi meydana çıxması, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi qələbələrin siyasi istiqamətlərdə inkişafına mühüm diqqət yetirilməsi bölgədə yeni reallıqlar yaratdı. Ermənistan məğlub olduqdan sonra bölgədəki reallıqlar, hətta dünyadakı reallıqlar da dəyişdi. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, İğdır-Naxçıvan qaz kəmərinin inşası, bu bölgənin enerji təhlükəsizliyinin təmin olunması gələcək planlarımıza işıq salır. Biz növbəti hədəf kimi son yüz ilin səhvlərinin aradan qaldırılmasına yönəlmiş xarici siyasət yürüdürük. Bu istiqamətdə beynəlxalq logistikanın bu yoldan keçməsi üçün də xarici siyasətimizi ona uyğunlaşdırırıq.

Zəngəzur dəhlizi bizim əsas strateji planlarımızdan biridir. Zaman göstərir ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığı həm sözdə, həm də əməldə özünü göstərir. Bu birlik cənab Prezidentin çıxışında mühüm tezis kimi ön plana çıxdı. Əlbəttə ki, cənab Prezidentin ölkə siyasətinin kökündə həm də ölkəni qlobal liderliyə aparmaq dayanır. Türk Dövlətləri Təşkilatının Naxçıvanda keçirilən toplantısı böyük bir test konfransı oldu və türk dövlətlərinin birliyi, gələcək əməkdaşlığı geniş şəkildə müzakirə edildi."

Əziz Əlibəyli vurğulayıb ki, bu gün gəldiyimiz nöqtə üçüncü bir dünya gücünün inşasına söykənən xarici siyasət xəttidir.  O, vurğulayıb ki, bu siyasət xəttinin önəmli halqalarından biri də Naxçıvandır:

"Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun zirvə nöqtəsini Zəngəzur dəhlizi təşkil edir. Ən azından ona görə ki, Zəngəzur dəhlizinin işə düşməsi, tam şəkildə fəaliyyətə başlaması Azərbaycanla Türkiyəni fiziki mənada birləşdirir və bu iki dövlətin daha da yaxınlaşmasına səbəb olur. Amma ən vacibi, Zəngəzur dəhlizi türk dünyasını birləşdirən əsas strateji yol halına gəlir.

Bu, həm də bizim tarixi torpaqlarımıza Böyük Qayıdışın vacib ünsürlərindən birinə çevrilir. Söhbət təkcə silahlı mübarizə ilə qayıdışdan getmir. Coğrafiyanın dörd bir tərəfində etnik azərbaycanlılar yaşayır. Onlar öz dədə-baba torpaqlarına qayıtmalıdır. Bu, tarixin hökmüdür. Bu, beynəlxalq hüququn tələbidir. Vətən müharibəsində qələbə qazanmış Azərbaycanın zəfərinin davamıdır. Əlbəttə ki, gec-tez kəmiyyət keyfiyyətə çevrilməlidir."


Xəbər xətti

10 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin