Qarlı havadakı qəzalara görə 3 milyon ziyan dəydi

17:47 - 6 Mart 2025

Qarlı havadakı qəzalara görə 3 milyon ziyan dəydi

Qarlı hava şəraitində (21 fevral – 2 mart tarixləri aralığında) baş vermiş hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara 3 milyon manata yaxın sığorta ödənişi nəzərdə tutulub.


Bu barədə Manset.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4414 müraciət daxil olub.

Bu müraciətlərin 3721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 676-sı “Kasko” sığorta növü, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələr ilə əlaqədar olub. Sektordan aldığımız məlumata görə, 3215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat həcmində müəyyən olunub, 1199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin