ABŞ geri çəkildi - Avropa Rusiya ilə üz-üzə gələcək?

11:51 - 5 Mart 2025

ABŞ geri çəkildi - Avropa Rusiya ilə üz-üzə gələcək?

"ABŞ-nin geri çəkilməsi fonunda Avropanın birmənalı şəkildə Rusiya ilə üz-üzə qalmasından, total müharibədən söhbət gedirsə, bunun olacağını düşünmürəm".

 

Bunu Manset.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, Avropa təkbaşına Ukraynaya yardım edə bilməz:

"3 illik müharibə tarixinə baxdıqda, edilən yardımların böyük ölçüdə ABŞ-dən gəldiyini görə bilərik. Yəni ABŞ olmadan Avropanın Kiyevə yardım etməsi elə də real görünmür. London sammitinə də baxdıqda görürük ki, bunlar hamısı sanki Avropanın da nə isə etdiyi təsirini bağışlamaq üçündür. İstənilən halda ABŞ-nin bu məsələdə geri çəkilməsi Rusiyanı cəsarətləndirəcək addımdır".

Politoloq bildirib ki, ABŞ-nin Kiyevdən imtina etməsi ifadəsi doğru deyil, sadəcə ABŞ-nin maraqları dəyişib:

"Vaşinqton məğlub olacağı bir tərəfdə olmaq istəmir. Tarixə baxsaq, ABŞ heç bir müharibədə məğlub olmayıb və məğlub olanın yanında durmayıb. 

Ukraynaya edilən yardımlar Rusiyanı zəiflətmək və təslim olmasını təmin etmək məqsədi daşıyırdı. Bu gün priotetlər dəyişib, ABŞ daha çox Yaxın Şərqə, Çin faktoruna yönəlib. Belə olan təqdirdə, maraqlar dəyişir, nəticədə yatırımlar da dəyişir. 

Bu gün Yaxın Şərqdə problemlər daha aktualdır. Mən İranla İsrail arasında gərginliyin artacağını düşünürəm. Bundan əlavə Arktikada qlobal istələşmə nəticəsində buzların əriməsi prosesi gedir ki, bu da regionun neft və qaz ehtiyatlarının daha asan əldə edilməsi prosesini aktivləşdirib. ABŞ bu regionun təbii ehtiyatlarını özü istifadə etmək istəyir. Çin uzun müddətdir aktivdir və ABŞ bunun fərqindədir".

Politoloq son olaraq qeyd edib ki, artıq müharibənin aktiv döyüş mərhələsinin sonuna yaxınlaşırıq: 

"ABŞ Kiyev və Moskva arasında bir atəşkəs razılaşmasına getmək istəyir. Sülhün ABŞ-yə sərf edəcəyini düşünmürəm. Sadəcə müharibəni müəyyən vaxta qədər uzatmaq lazımdır. O vaxta qədər ABŞ digər regionlardakı prioritetlərlə maraqlanacaq. Daha sonra müharibə yenidən davam edəcək".

 

Seyranə Quliyeva


Xəbər xətti

6 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin