Bu gün Od çərşənbəsidir
4 Mart 2025
20:48 - 3 Mart 2025
Bakıda məktəb direktoru fəaliyyətindəki nöqsanlara görə işdən azad olunub.
Bu barədə Manset.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.
"Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin