Ağ Evdəki qalmaqal dünyanı ikiyə böldü - Türkiyə faktoru önə çıxdı

14:41 - 3 Mart 2025

Ağ Evdəki qalmaqal dünyanı ikiyə böldü - Türkiyə faktoru önə çıxdı

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında fevralın 28-də gərgin atmosferdə keçən görüş dünya gündəmindədir. Bir çox məqamlarda etika qaydalarının, diplomatik prinsiplərin kobud şəkildə pozulduğu görüşə dair fərqli fikirlər səslənir. Ukrayna prezidentinin Oval saraya sanki dava-dalaş üçün çağırıldığı, bunun fonunda Zelenskinin ritorikası da diqqətdən yayınmayıb.


Trampın və vitse-prezidentin Zelenskiyə qarşı kəskin mövqe sərgiləməsinə səbəb nə idi? Yoxsa, bu sadəcə bir ssenari idi?

Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-a açıqlamasında bildirib ki, baş verən qalmaqal müasir dünyamızda görünməmiş hadisədir.

“Bu, indiyə kimi presedenti olmayan və rəsmi protokol qaydalarına zidd bir hadisə idi. Bunun səhnələşdirilmiş olması haqqında deyilənləri o qədər əsaslı hesab etmirəm, çünki Trampla Zelenski arasındakı münasibətlər artıq görüşə qədər xeyli gərgin idi. Trampın Zelenskini diktator adlandırması və istefa verməyə çağırmasını xatırlatmaq kifayətdir.

Əslində görüş zamanı iki tərəfin mövqe savaşının şahidi olduq. Bir tərəfdə diktə edən, istəklərini və iqtisadi maraqlarını zorla qəbul etdirmək istəyən güclü Tramp, digər tərəfdə ölkəsini qorumağa çalışan və köməyə ehtiyacı olan zəif Zelenski var idi. Lakin ABŞ administrasiyası, xüsusilə Tramp bir məsələni mütləq nəzərə almalı idi ki, görüşdüyü şəxs ərazisi Rusiya tərəfindən işğala məruz qalmış ölkənin prezidentidir. Zelenskinin məsələlərə həssas, emosional, bəlkə də qeyri-diplomatik yanaşması onun məruz qaldığı təcavüz faktı ilə bağlıdır. Çünki onun ölkəsinə hücum edilib, ərazisi işğal edilib, əhalisi qırılıb. Bu fakt ABŞ prezidenti tərəfindən, yəni beynəlxalq hüququn qayğısına qalmalı olan ölkə tərəfindən qətiyyən nəzərə alınmadı. O başqa məsələ ki Tramp hazırda artıq, defakto mövcud olmayan, işləkliyini itirmiş köhnə dünya düzənini, beynəlxaq hüququn norma və qaydalarını yıxmaqla, tamamilə sıradan çıxartmaqla məşğuldur. Yenisini isə ABŞ, Çin və Rusiya ilə birlikdə dünyanı yenidən bölüşdürməklə qurmaq istəyir. Lakin buna baxmayaraq, ev sahibi kimi Amerika prezidenti öz qonağını fərqli qaydada qarşılamalı, onun etinasızlığa və aşağılanmaya məruz qalmasına yol verməməli idi”, - o qeyd edib.

Zelenskinin Ağ Evdən nə istədiyinə gəlincə, deputat burada iki məsələnin olduğunu vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması zamanı Ukraynanın təhlükəsizliyinə zəmanət verilməli, atəşkəsin pozulmaması üçün konkret mexanizmlər işlənib hazırlanmalıdır. Bunun müqabilində “sənin ölkən bərbad vəziyyətdədir, şərt qoymağa haqqın, imkanın yoxdur, biz olmasaq Ukrayna məhv olub gedər” kimi fikirlər Amerika adına böyük nöqsan, biabırçılıq oldu. Dediyim kimi, ABŞ özünü beynəlxalq hüququn, dünya nizamının, təhlükəsizliyin əsas zəmanətçisi hesab edir. Bu belədirsə, ən azından işğala məruz qalmış ölkənin hüquqlarının qorunması, müdafiəsi onun qlobal borcudur. Belə iddiada, gücdə olan ölkə başqa cür hərəkət etməli deyil. “Sənin minerallarını, təbii ehtiyatlarını alım, mənimsəyim, istismar edim, bunun qarşılığında dəstək verim” yanaşması beynəlxalq təcrübədə bu qədər açıq xarakter alan misli görünməmiş bazarlıq hadisəsidir. Ancaq fikrimcə, görüşdə söhbət maddi, iqtisadi maraqlardan yox, dəyərlərdən, prinsiplərdən, beynəlxalq hüquqdan getməli idi”.

Deputat vitse-prezident Vensin aşağılayıcı formada Zelenskinin sözünü kəsməsi, onu nankorluqda ittiham etməsi isə Ukraynaya edilən hörmətsizliyin pik həddi olduğunu söyləyib:

“Buna baxmayaraq, Zelenski prinsipial mövqeyini, xalqının, dövlətinin maraqlarını qoruya bildi. Nəyin bahasına olur-olsun atəşkəsə razı olmadığını, Ukrayna xalqının maraqları, təhlükəsizliyi naminə konkret mövqe sərgilədi. Yenə deyirəm, ola bilsin diplomatik baxımdan Zelenski təmkinlə müəyyən gedişlərə, protokol qaydalarına daha yaxşı əməl edə bilərdi. Lakin ölkəsinin düşdüyü vəziyyət, basqılar nəticəsində daha az təmkinli olmasını anlayışla qarşılamaq olar”.

Azay Quliyevə görə, istənilən halda bu, yeni bir münasibət, şərait, situasiya yaratdı: “Avropa dövlətləri birmənalı olaraq Zelenskini müdafiə etdi. Bəyan etdilər ki, sən tək deyilsən və biz sənin yanındayıq. Vurğulandı ki, təhlükəsizlik məsələləri alver, ticarət predmeti ola bilməz. Əslində bu, Avropa üçün növbəti xəbərdarlıq oldu. Avropa başa düşdü ki, təhlükəsizliyinə özü cavabdeh olmalıdır. Bu baxımdan qardaş Türkiyənin prosesdə rolu və yeri daha açıq şəkildə görünməyə başladı. Avropa İttifaqının rəhbərləri artıq məsələlərə fərqli yanaşmalıdır. Təhlükəsizliyi təmin etmək üçün Türkiyənin real gücə və imkana sahib olduğunu anlamalıdırlar. Türkiyənin Avropa İttifaqına üzvlük yolunda yaratdıqları süni əngəllər aradan qaldırılmalıdır. Çünki proses belə davam edərsə, Avropa ilə ABŞ arasındakı fikir ayrılığı ciddi xarakter alacaq. Verilən bəyanatlar göstərir ki, Avropa öz başına çarə qılmalıdır”.

Onun fikrincə, Ağ Evdə olanlar həm də dünyanın yenidən bölüşdürülməsi prosesində Avropanın kənarda saxlanılmasının yan təsirlərindən biri kimi də qəbul edilməlidir:

“Bu, əslində böyük geosiyasi proseslərin, dünyanın yenidən bölüşdürülməsi və yeni qlobal düzənin yaradılması, bu prosesdə Avropanın aktivliyinin artırılması mərhələsini tətiklədi. Martın 2-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə Avropanın aparıcı dövlətlərinin sammittində təhlükəsizlik və Ukraynaya dəstək məsələləri müzakirə edildi. Martın 6-da Avropa İttifaqının fövqəladə sammittində də eyni məsələlər müzakirə olunacaq. Bu görüşlərdən çıxan nəticə önəmlidir. Əgər bu görüşlərdən sonra Avropa sözdə yox, real əməldə Ukraynaya dəstək və təhlükəsizlik mexanizmi təqdim edə bilsə, o zaman, vəziyyət dəyişə, Ukrayna həm ABŞ ilə danışıqlarda, həm də gələcəkdə gözlənilən Rusiya ilə danışıqlarda daha prinsipial mövqedən çıxış edə bilər. Avropadan çıxan qərar həm də ABŞ Adminstrasiyasının tonuna, xüsusilə Zelenskinin hörmətsizlik etdiyinə görə Amerika xalqından və prezidentindən üzr istəməlidir tələbinə də təsir edə bilər. İstənilən halda düşünürəm ki, Ukrayna prezidentinin açıq şəkildə üzr istəməsi inandırıcı deyil. Bu, həm də bir ölkənin, xalqın qürur məsələsidir. Bu mənada onun Trampdan üzr istəyib hansısa mənada səhv etdiyini etiraf etməsi gözlənilmir. Bu da Tramp üçün yeni çağırışlar deməkdir”.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin