Azərbaycanda Ramazan ayı BAŞLADI
1 Mart 2025
08:15 - 1 Mart 2025
Ramazan orucu sübh azanından günbatanadək yemək, içmək və digər orucu pozan hallardan çəkinməklə tutulur. Lakin bəzi şəxslərin oruc tutması dində belə düzgün hesab edilmir.
Bəs kimlər oruc tuta bilməz?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, endokrinoloq həkim Lamiyə Nəbibəyli açıqlamasında bildirib ki, oruc tutmaq bəzi xəstələr üçün problemli ola bilər.
Onun sözlərinə görə, şəkər, ürək və qan damarları xəstəliyi olan şəxslər, təzyiqi yüksək olanlar, həmçinin böyrək xəstəlikləri, infarkt və insult keçirmiş insanlar oruc tutarkən ehtiyatlı olmalıdırlar, çünki bu, onların sağlamlığı üçün risklidir:
“Böyrək xəstələri, xüsusən də böyrək çatışmazlığı olanlar üçün oruc tutmaq məsləhət görülmür. Çünki onların orqanizmində maye mübadiləsi düzgün getmir və bu, problemlərə səbəb ola bilər. Böyrək daşı olan xəstələr də oruc tutarkən ehtiyatlı olmalıdırlar. Ancaq əgər onların vəziyyəti stabilidirsə və problem yaratmırsa, oruc tutmağa icazə verilə bilər. Onkoloji xəstələr, kimya terapiya alanlar da diqqətli olmalıdırlar. Kimya terapiya bədəni zəiflədir, bu da oruc tutarkən daha da zəif düşmələrinə səbəb ola bilər. Mədə və bağırsaq xəstəlikləri olanlar, əsasən, mədə turşuluğu yüksək olanlar, reflüsü, xorası və ya qastriti olanlar oruc tutarkən çətinliklərlə qarşılaşa bilərlər. Çünki uzun müddət ac qalmaq mədə turşuluğunun artmasına və mədə divarının zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, qıcıqlanmış bağırsaq sindromu (Kron xəstəliyi) və xoralı kolit xəstələrində də oruc tutmaq problem yarada bilər. Həmçinin qan azlığı (anemiya) olan xəstələr də oruc tutarkən halsızlıq, baş gicəllənməsi kimi şikayətlərdən əziyyət çəkə bilərlər”.
L.Nəbibəyli qeyd edib ki, hamilə və süd verən qadınlar da oruc tutmamalıdırlar:
“Çünki onların bədəni əlavə enerji və qida ehtiyacı tələb edir. Epilepsiya xəstələrinə gəlincə, bu xəstələr müntəzəm olaraq dərmanlarını qəbul etməlidirlər. Dərman qəbulunun pozulması epileptik tutmaların artmasına səbəb ola bilər. Miqren xəstələrində də oruc tutmaq miqren tutmalarının sayını artıra bilər”.
Həkim oruc tutmaq istəyən şəkər xəstələrinin vəziyyətindən də danışıb:
“Şəkər xəstələri əsasən iki tip olur: Tip 1 və Tip 2 diabet. Tip 1 diabet xəstələri insulin vururlar və bu insulin şəkərin düşməsinə səbəb ola bilər. Adətən, onlar şəkər düşəndə qidalanırlar ki, şəkər səviyyələri stabil olsun. Lakin oruc tutanda bu qida qəbulunu etmək çətinləşə bilər və nəticədə şəkər səviyyəsinin çox düşməsi ilə koma halı belə yaranabilir. Buna görə də, Tip 1 diabet xəstələrinə oruc tutmaq məsləhət görülmür. Tip 2 diabet xəstələri isə dərmanlarla müalicə alır və bəzi hallarda insulin də istifadə edirlər. Onlar üçün oruc tutmaq daha uyğun ola bilər, amma bu, həkimlə müzakirə edilməlidir. Tip 2 diabet xəstələri oruc tutmağa başlamazdan əvvəl şəkər səviyyələrini normada saxlamağa çalışmalıdırlar. Həkim onlara uyğun dərman təyin etməli və qidalanma planı hazırlamalıdır. Xüsusilə iftar və sahur zamanı şirniyyatlardan uzaq durulmalıdır. Tip 2 diabet xəstələri üçün oruc tutarkən dərman dozasının və qidalanma rejiminin uyğunlaşdırılması vacibdir. Özbaşına dəyişikliklər etmək təhlükəli ola bilər. İmsakda və iftarda qidalanma tərzi diqqətlə seçilməli, balanslı şəkildə yemək qəbul edilməlidir. Heç bir şey yemədən oruc tutmaq düzgün deyil, çünki bu, bədənin balansını pozaraq öd axımını, mədə turşuluğunu və digər orqan funksiyalarını zədələyə bilər”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin