Nazirlikdən əhaliyə MÜRACİƏT

10:34 - 27 Fevral 2025

Nazirlikdən əhaliyə MÜRACİƏT

Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

 

Manset.az xəbər verir ki, müraciətdə deyilir:

“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırırıq. Belə ki, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin