Ərdoğan yenidən AK Partiyanın sədri SEÇİLDİ

18:45 - 23 Fevral 2025

Ərdoğan yenidən AK Partiyanın sədri SEÇİLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK partiya) sədri seçilib.

 

Manset.az xəbər verir ki, Ankara İdman Salonunda keçirilən qurultayda 1607 nümayəndədən 1547-si səs verib.

Bütün nümayəndələrin səsini alan Ərdoğan yenidən partiya sədrliyi vəzifəsinə təsdiqlənib.

Ərdoğan qurultayda çıxış edərək, AK Partiyanın yeni dövr üçün birliyini və enerjisini yenilədiyini vurğulayıb. O, partiya strukturlarında aparılan dəyişikliklərə toxunub, yeni seçilən Mərkəzi İdarəetmə və Nəzarət orqanlarına uğurlar arzulayıb.

O, ölkə idarəçiliyində və xalq xidmətində daha güclü addımlarla irəliləyəcəklərini bildirib: “Bugündən etibarən partiya fəaliyyətimizdə, dövlət idarəçiliyində və xalqımıza xidmət sahəsində yeni ruh və güclə yolumuza davam edirik”, – deyə Ərdoğan qeyd edib.

Prezident çıxışında AK Partiyanın Türkiyə siyasətində əhəmiyyətli rol oynamağa davam edəcəyini və xalqın etimadını doğrultmaq üçün səylə çalışacaqlarını bildirib. “Bizə dayanmaq, tərəddüd etmək, geri çəkilmək yaraşmaz. Bu müqəddəs yolda yorulmaq və durğunluq olmaz”, – deyə vurğulayıb.

O, AK Partiyaya dəstək verən bütün partiya üzvlərinə və vətəndaşlara minnətdarlığını bildirib və ölkənin inkişafı naminə birlik və həmrəyliyin vacibliyini qeyd edib. Qurultay çərçivəsində AK Partiyanın 75 nəfərdən ibarət yeni Mərkəzi İdarəetmə və Nəzarət Şurası da müəyyən edilib.

Beləliklə, Ərdoğan yenidən AK Partiyanın sədri kimi fəaliyyətini davam etdirəcək və partiyanın gələcək strategiyalarını formalaşdıracaq.


Xəbər xətti

23 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin