Bəxtiyar Vahabzadənin yubileyi Ankarada qeyd olundu - Fotolar

15:10 - 22 Fevral 2025

Bəxtiyar Vahabzadənin yubileyi Ankarada qeyd olundu - Fotolar

Görkəmli Azərbaycan şairi və dramaturqu, ədəbiyyatşünas-alim, ictimai xadim Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 100 illiyi ilə bağlı Ankarada ədibin adını daşıyan orta məktəbdə tədbir keçirilib. 

 

Manset.az xəbər verir ki, TÜRKSOY-un elan etdiyi 2025-ci il "Bəxtiyar Vahabzadə İli" tədbirləri çərçivəsində gerçəkləşən mərasim şagirdlərin Bəxtiyar Vahabzadəyə həsr etdiyi rəsmlərdən ibarət sərginin açılışı ilə başlayıb. TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı, Ankaranın Mamak Rayon Milli Təhsil Şöbəsinin müdiri Şahsenem Düzgün çıxış ediblər. Çıxışlarda Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük söz, fikir adamı olduğunu qeyd ediblər.
Bildirilib ki, B.Vahabzadənin yaradıcılığında vətənə, torpağa bağlılıq, eləcə də türk xalqlarının birlik və bərabərliyi əsas yer tutur. Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən Bəxtiyar Vahabzadənin “Mənim dostlarım” adlı ilk şeirlər kitabının təkrar nəşri məktəbin şagirdlərinə hədiyyə edilib. Tədbirin bədii hissəsində şagirdlərdən Elvin Çırak və Batuhan Kahraman şairin şeirlərini, İkra Bektaş isə müəllifin şeirinə yazılmış mahnını ifa ediblər. TRT-nin solisti Barış Akpınar Azərbaycanın Dövlət Himnini və iki ölkənin qardaşlığına həsr olunan mahnıları səsləndirib.Xalq artisti Mələkxanım Əyyubova, kamança ifaçısı Araz Ağaverdiyev, nağara ifaçısı Ramin Abdullayev və tarzən Altay Niftəliyevdən ibarət muğam qrupunun çıxışı isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Sonda mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bəxtiyar Vahabzadə adına orta məktəbə şairin portretini hədiyyə edib. İştirakçılara isə nazirliyin təşəkkürnamələri təqdim olunub.



Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin