Qeyri-sabit hava ilə əlaqədar reyslər ləğv olunacaq? - AÇIQLAMA
21 Fevral 2025
16:35 - 19 Fevral 2025
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbəti maarifləndirmə sessiyalarına başlanılıb. Muxtar respublikanın bütün bölgələrini əhatə edəcək sessiyalar Azərbaycan Respublikası Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni qərarla bağlı istehsalçıların məlumatlandırılması məqsədilə keçirilir
Manset.az xəbər verir ki, maarifləndirmə sessiyalarına ilk olaraq Kəngərli rayonunda başlanılıb. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icar edən Xəyalə Dadaşova bildirib ki, muxtar respublikada aqrar sahə üzrə subsidiyalar ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq ödəniləcək. Fərmanın tələblərinə görə subsidiyaların verilməsi elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə tənzimlənir. Hazıradək elektron sistemin mövcud olmaması səbəbindən muxtar respublikada qeyd olunan fərmanın tələblərinin həyata keçirilməsi mümkün olmayıb. Bu məqsədlə keçid dövrü ilə əlaqədar 2023-cü ildə Ali Məclisin müvafiq fərmanı ilə müvəqqəti subsidiya qaydası təsdiq olunub. Bununla yanaşı struktur islahatları hazırlanıb, hazırda isə elektron kənd təsərrüfatı informasiya sisteminə keçid işlərinə başlanılıb.
Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edildiyini qeyd edən nazir müavini bildirib ki, nazirlik tərəfindən respublikanın yerləşdiyi ərazi, strateji əhəmiyyəti, kənd təsərrüfatı istehsalçılarının mövcud vəziyyəti nəzərə alınaraq muxtar respublikada subsidiyaların verilməsində fərqli yanaşmanın tətbiqi ilə bağlı müvafiq təkliflər verilib. Qeyd olunan məsələ Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirə edilib və müsbət nəticə əldə edilib. Belə ki, yeni qəbul olunmuş qərara əsasən respublikanın digər bölgələrində 1 hektar alma bağına 11 min manat subsidiya hesablanırsa, qeyd olunan məbləğ muxtar respublikada 32 min 200 manatı təşkil edir. Eyni zamanda 1 hektar armud bağına respublikanın digər bölgələrində 8 min manat subsidiya hesablanırsa, bu məbləğ muxtar respublikada 25 min 200 manatı təşkil edir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tural Haqverdiyev müvafiq qərara əsasən ödəniləcək subsidiya məbləğləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, üzüm bağları üçün məbləğ 8 min manatdan 14 min 700 manata, fındıq bağları üçün 4 min 400 manatdan 8 min 50 manata, şaftalı, nektarin və ərik bağları üçün 4 min manatdan 24 min 500 manata, püstə bağları üçün 4 min 500 manatdan 6 min 300 manata, badam bağları üçün 3 min 500 manatdan 7 min 350 manata, qoz bağları üçün isə 3 min 300 manatdan 5 min 600 manata artırılıb. Həmçinin qərarda tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərin 1 hektarına 1000 manat məbləğində subsidiyanın verilməsi də yer alıb.
Diqqətə çatdırılıb ki, yeni qəbul olunmuş qərarda fərqli tələblər də mövcuddur. İstehsalçılar çalışmalıdırlar ki, yeni bağ salarkən ərazinin dəniz səviyyəsindən müvafiq hündürlükdə yerləşməsini, torpağın elektrik keçiriciliyinə dair tələblər, əkiləcək tinglərin sayını və sertifikatlı olmasını, o cümlədən müasir suvarma sistemlərinin tətbiqini diqqətdə saxlasınlar. Nəticə etibarilə tələblərə riayət edən əkinçilər daha yüksək məbləğdə subsidiya alacaqlar.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb,istehsalçıların sualları cavablandırlıb.
Həmin gün Şərur və Sədərək rayonlarında da tədbirlər keçirilib. Analoji tədbirlərin muxtar respublikanın digər bölgələrində də keçirilməsi davam etdiriləcək
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin