Azərbaycanda helikopterlə quduzluğa qarşı peyvəndləmə aparıldı - FOTOLAR

18:00 - 17 Fevral 2025

Azərbaycanda helikopterlə quduzluğa qarşı peyvəndləmə aparıldı - FOTOLAR

2025-ci ilin "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən  ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbirləri həyata keçirilir.

 

Manset.az xəbər verir ki, bu gündən helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə quduzluğa qarşı oral peyvəndləmə tədbirlərinə başlanılıb.Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Elm və Təhsil nazirliyinin Zoologiya ET institutunun əməkdaşları iştirak edib.

Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndəətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop oral suspenziyası” səpələnir. Ümumilikdə, fevralın 17-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yem səpilib. Normaya əsasən, meşə zolaqlarında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur.

Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur.

Ötən illər ərzində Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə tədbirləri həyata keçirilib.

Qeyd edək ki, son illər xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib.

Onu da bildirək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə 2023-cü ildə həyata keçirilib.  

Fevral ayının 18-də  Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmə tədbirləri davam edəcək.

 



Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin