ADU və Portsmouth Universitetindən magistrlərə ikili diplom imkanı

16:00 - 17 Fevral 2025

ADU və Portsmouth Universitetindən magistrlərə ikili diplom imkanı

Azərbaycan Dillər Universiteti (ADU) ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkilini uğurla davam etdirir. Bu məqsədlə, universitetdə müvafiq ixtisaslar üzrə tədris proqramları xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanır, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ADU-nun ümumavropa məkanına inteqrasiya olmasına, rəqabət qabiliyyətinin artmasına, tədris proqramlarının beynəlmiləlləşməsinə kömək edir. ADU hələ uzun illər bundan əvvəl Azərbaycan təhsil sistemində ilk dəfə olaraq öz təşəbbüsü ilə Böyük Britaniyanın Esseks Universiteti ilə ikili diplom layihəsi işləyib hazırlamış və 2010-cu ildən etibarən bu universitet ilə ikili diplom (2+2) proqramı üzrə əməkdaşlığa başlamışdır. Qeyd edək ki, bu, Azərbaycanın təhsil sistemində bakalavr pilləsi üzrə ilk ikili diplom layihəsi idi. 

 

Manset.az xəbər verir ki, əldə olunmuş razılaşmaya əsasən, ADU-nun İngilis dili müəllimliyi ixtisası üzrə tədris planının ilk iki ili, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tələbləri nəzərə alınmaqla, Esseks Universitetinin müvafiq tədris planı ilə uyğunlaşdırılıb və tələbələr ikinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən qəbul şərtlərini yerinə yetirməklə Esseks Universitetinə birbaşa daxil ola bilirlər. Artıq ADU-nun bir neçə tələbəsi Esseks Universitetindən yüksək nəticələrlə məzun olaraq hər iki universitetin diplomlarını alıblar. Gələcəkdə ADU və Essex Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq və bu tərəfdaşlıq hər iki universitet üçün əhəmiyyətli imkanlar yaradacaq.

Bu yaxınlarda isə Azərbaycan Dillər Universiteti beynəlxalq əməkdaşlıq istiqamətində növbəti mühüm addımını ataraq Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmouth Universiteti ilə magistratura səviyyəsində  ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib. Yeni proqram çərçivəsində ADU-da magistr təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmouth Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar. 

ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir: Portsmouth Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir. 
Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir. 

Azərbaycan Dillər Universiteti gələcəkdə digər nüfuzlu ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyi və tələbələrə dünya səviyyəli təhsil imkanları təqdim etməyi hədəfləyir. İkili diplom proqramları qlobal elmi və pedaqoji inteqrasiyanın inkişafına töhfə verməklə yanaşı, gənclərə beynəlxalq karyera yollarını açmaq üçün mühüm platforma rolunu oynayır.

 


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin