Turistlər rayonlara niyə getmir?

10:24 - 4 Fevral 2025

Turistlər rayonlara niyə getmir?

“2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük veriblər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir”.

 

Manset.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, ötən il əcnəbilərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakının payına düşüb:

“Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 4,6 faizi sözügedən rayonda qalıblar. Xaricilərin 4,4 faizi Qəbələdə3,9 faizi Naftalanda3,2 faizi Qubada0,6 faizi Şabranda, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər.

Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

V.Bayramovun sözlərinə görə, bütövlükdə, əcnəbilərin keçirdiyi gecələmələrin sayı 2023-cü illə müqayisədə 26,0 faiz artaraq 2 milyon 348 min olub:

“Bu da ümumi gecələmələrin 54,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 faizi Hindistan, 13,1 faizi Rusiya, 7,8 faizi Səudiyyə Ərəbistanı, 7,3 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,6 faizi Pakistan, 2,4 faizi Böyük Britaniya, 2,4 faizi İsrail, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,4 faizi Almaniya, 1,0 faizi İtaliya,1,0 faizi Gürcüstan, 21,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin