Onların missiyası Azərbaycan ərazilərinə boylanmaq olmayacaq - Aİ-nin "sülh" missiyasının gələcək planları

14:14 - 1 Fevral 2025

Onların missiyası Azərbaycan ərazilərinə boylanmaq olmayacaq - Aİ-nin

Avropa İttifaqının "sülh" missiyası gələcəkdə regionda gərginlik katalizatoru rolunu oynaya bilər. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.

Ötən həftə Avropa İttifaqı (Aİ) Şurası gözlənildiyi kimi Ermənistanda "müşahidə" missiyasının mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul etdi. Qurum üzvlərinin səfirlərinin Brüsseldə əldə etdikləri razılığa əsasən, 44 milyon avroluq rəsmi büdcəsi olacaq missiya 2027-ci ilin 19 fevralına qədər Ermənistan ərazisində, Azərbaycanla şərti sərhədə yaxın yaşayış məntəqələrində "keşik" çəkəcək.

Ermənistana belə bir missiyanın göndərilməsi barədə qərar 2022-ci ilin payızında qəbul edilib. Əvvəl "müşahidəçilər"in Ermənistana iki aylığa cəmi 40 nəfərlik heyətlə gəlmələri anons edilsə də, sonrakı dövrdə tərkib və say yenilənməyə məruz qalıb. Avropalı müşahidəçilərə ABŞ-nin ştatına çevrilmək təhlükəsi ilə üz-üzə qalan uzaq Kanadanın da təmsilçiləri qoşulublar. Say isə təqribən dörd dəfə artıb.

Manset.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müşahidə, yoxsa hərbi baza?

Aİ heyətinin mandatının kifayət qədər ciddi büdcə ilə iki illik müddətə uzadılması "müşahidəçi" missiyanın səlahiyyət və funksiya çərçivələrini aşdığı təəssüratı yaradır. Keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət heyət mülki "müşahidə" missiyası kimi qələmə verilsə də, Aİ-nin əsas diktə edən üzvü - Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması, ordu quruculuğunda iştirak etməsi və bütün bunların fonunda İrəvanın Bakı ilə sülhə gəlmə çabalarını bloklaması əsas hədəfin bölgədəki sabitlik olduğunu deməyə əsas verir.

Makron Fransasının əlində geosiyasi təzyiq alətinə çevrilmiş təşkilatın Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid olan fəaliyyətini sülh kontekstində şərh etmək mümkün deyil. Nəzərə alsaq ki, son dörd il ərzində Brüsselin atdığı bir sıra addımlar barədə qərarlar tam məxfilik şəraitində qəbul edilib, qarşıdakı iki il ərzində Aİ yalnız missiyanın mandatının müddətini uzatmaqla kifayətlənməyə də bilər. 2022-ci ilin payızında olduğu kimi.

Aİ kimi rəsmi Paris də regiondakı siyasətinin reallaşdırılmasında eyni taktikadan yararlanır. İrəvanla hərbi təmaslar ilkin müddətdə yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlik tədbir kimi qələmə verilirdi. Ortaya silah ixracı çıxanda isə bildirildi ki, bu, istisnasız olaraq müdafiə xarakterli silahlanma olacaq. Hazırda isə gündəmin əsas mövzusu Makron Fransasının Ermənistanı uzaqmənzilli artilleriya sistemləri ilə təmin etməsidir.

Bu baxımdan istisna edilməməlidir ki, Aİ-nin "sülh" missiyası gələcəkdə tam əsaslı hərbi bazaya transformasiya oluna bilər. Düzdür, təşkilatın belə bir təcrübəsi yoxdur. Ancaq indiyədək qurum heç Ermənistanda "keşik" çəkən missiya kimi təşəbbüslərə də müəlliflik etməmişdi. Ermənistanın silahlandırılması prosesinə "Sülh fondu"nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.

Qərbin "saman çöpü"

Qeyri-adekvat tərəfkeşliyi ilə sülh prosesindən və regional layihələrdən kənar düşən kollektiv Qərbin hazırda qarşısında duran əsas vəzifələrdən biri də nəyin hesabına olursa-olsun Cənubi Qafqazda qalmaqdır. Müstəqil xarici siyasət yürüdən, suverenliyi və ərazi bütövlüyünü bərpa edən Azərbaycandan sonra qonşu Gürcüstan da Brüsselin, daha doğrusu, Parisin geosiyasi ekspansiya cəhdləri qarşısında maneəyə çevrilib. Gürcüstanın Qərbin həmlələrini bloklaması Aİ-nin faktiki olaraq bölgəyə daxil olma çabaları qarşısında sipər rolunda çıxış edir. Qərb Cənubi Qafqaza daxil olmaq üçün bütün yolları əldən verib. Öz səhvlərinin ucbatından. Türkiyəyə qarşı illərdir davam edən qərəzli münasibət, Gürcüstanda dövlət çevrilişi cəhdlərinə sponsorluq, Ukraynada mövqe itkiləri Qərbin manevr imkanlarını maksimum daraldıb. Bu baxımdan, hazırda Ermənistan başda Fransa olmaqla, Aİ üçün yeganə "saman çöpü" funksiyasını həyata keçirir.

Brüssel Ermənistan ərazisində möhkəmlənməklə yalnız regional mövcudluğu barədə düşünmür, eyni zamanda, burada baş verən proseslərin nəbzini tutmağa çalışır. Azərbaycanın torpaq bütünlüyünü təmin etməsi 30 illik işğala son qoymaqla yanaşı, regiondakı digər münaqişə ocaqlarının da müsbət ssenari ilə çözümünə ümidlər yaradıb. Bu gün Cənubi Qafqazın gündəmi hərb deyil, sülhdür. Sabit və dayanıqlı sülh iqtisadi çiçəklənməyə yol aça bilər. Bölgədə həyata keçirilən qlobal layihələr, ən əsası isə logistik marşrutlar hər üç dövlətin rifah halının yüksəlməsinə xidmət edər.

Təəssüf ki, Ermənistanda bunu ya dərk edə bilmirlər, ya da dərk edirlər, ancaq əl-qolları bağlıdır. Regional kommunikasiyaların tam açılması Azərbaycana əlavə imkanlar yaratdığı halda, Ermənistan üçün iqtisadi nəfəslik rolunu oynaya bilər. İrəvanda bunu başa düşürlər, ancaq güman ki, Qərb tərəfdaşlarının təzyiqləri fonunda qətiyyətli addım atmaqdan çəkinirlər. Bu nöqteyi-nəzərdən istisna etmək olmaz ki, "sülh" missiyasının qarşısına qoyulan daha bir vəzifə regional logistik marşrutlar üzərində nəzarətə nail olmaqdır.

Beləliklə, nə qədər ki, Aİ "müşahidəçilər"i Ermənistandadır, etibarlı sülhdən danışmaq əbəsdir. Çünki sözügedən missiyanın gündəmi gərginlik, hərb və qeyri-sabitlikdir.


Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin