Qumbara Bəhruzun əlində partlayıb - Yeni faktlar
31 Yanvar 2025
14:44 - 31 Yanvar 2025
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışın bəzi təfərrüatları üzə çıxıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalarla F1 markalı qəlpəli əl qumbarasının 42 yaşlı Bəhruz Quliyevin əlində partladığı məlum olub.
Belə ki, B.Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli Qazantəpə adlanan ərazidən tapdığı partlayıcını evə gətirib və dayısına verib. Bəhruz təcrübəsizlik edərək qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış baş verib.
Nəticədə B. Quliyevlə yanaşı, atası - ev sahibi Şamil Məmmədov, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar.
Qeyd edək ki, hadisə bu gün saat 11:30 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
13:00
Xəbər verdiyimiz kimi, bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Manset.az Report.az-a istinadən xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.
Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin