Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

15:00 - 22 Yanvar 2025

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov bildirib ki, milli adət-ənələrin özünün özünü qorunma xüsusiyyəti var, sadəcə, biz bu adət-ənələrə söykənərək, onları müasirləşdirərək, gənc nəsilə yeni səviyyədə təqdim etməliyik:

Nizami Cəfərov- 65

"İlk növbədə, Azərbaycan dövlətçilik tarixini öyrənmək lazımdır. Mən  belə başa düşürəm ki, hər bir insan, hər bir ölkənin vətəndaşı öz dövlətçiliyinin tarixini yaxşı bilməlidir. Məsələn, Azərbaycanda ilk dövlətçiliyin yaranması – Manna, Midiya dövrləri ilə bağlıdır. Sovet dövründə bizə  çalışıblar təlqin etsinlər ki, bu dövlətlər türk mənşəli  Azərbaycan xalqına aid olmayıb. Amma epik hadisələr, o dövrün dastanları, Herodotun tarixində və Strabonun coğrafiyasında olan məlumatlar, sonrakı illərdə obyektiv tarixçilərin tədqiqatları göstərir ki, Manna və Midiya türk mənşəli, yəni bu gün Azərbaycan xalqının aid olduğu etnik sistemdən olan xalqların dövlətləri olub. Bir vaxtlar yalnız eramızdan əvvəl IV-cü əsrdə meydana çıxmış Atropatena dövləti ilə Azərbaycan  dövlətinin tarixi əlaqələrindən bəhs olunurdusa, indi  daha əvvəlki dövrlərdə də Atropatena dövlətinin mövcudluğu ideyası meydana çıxıb. Görkəmli ziyalımız, tarixçimiz professor Həsən Həsənovun tədqiqatları  nəticəsində yalnız yeniliklər aşkarlanmayıb, həm də vaxtilə susdurulmuş ideyalar yenidən gündəmə gəlib. Bu tarixi bizim gəncliyimiz və vətəndaşlarımız bilməlidir. Bu tarixi öyrənmək lazımdır. Yalnız səhvlər və qüsurlar üzərində qurulmuş, siyasi və ideoloji məqsədlərlə müəyyənləşdirilmiş tarixlə kifayətlənmək olmaz. Yeniliklərdən xəbərdar olmaq və onları öyrənmək vacibdir.

Bir başqa məsələ isə Azərbaycan Səfəvilər dövlətidir. Bu, Azərbaycan millətinin təşəkkül tapmağa başladığı, xalqdan millətə keçid prosesinin baş verdiyi dövrdür. Bu dövrdə yeni Azərbaycan dilinin formalaşdığı tarixi mərhələ var. Bu mərhələ Səfəvilər dövləti və Şah İsmayıl Xətai ilə başlayır. Qədim tariximizlə yeni tariximiz arasındakı əlaqələri bərpa etmək və türk xalqları içərisində tarixi yerimizi müəyyənləşdirmək üçün bu, çox vacibdir, çünki Səfəvilər dövləti çox böyük bir dövlətçilik hadisəsidir və nümunəsidir".

Nizami Cəfərov onu da qeyd edib ki, biz dövlətçilik tariximizə sahib çıxmalıyıq. Milli adət-ənənələrin təbliği də bizim vətəndaş borcumuz və məsuliyyətimizdir:

"Milli adət-ənənələr bizim daim gözümüzün qabağındadır, fəaliyyətimizdədir, varlığımızdadır. Bu adət-ənənələrə görə biz bir xalq olaraq mövcuduq. Müasir Azərbaycan dövləti də öz siyasətində həmişə bunu rəhbər tutur. Milli adət-ənənələr, dil, ədəbiyyat, mədəniyyət – bu mental sahələr bugünkü qloballaşan dünyada çox vacibdir. Azərbaycan xalqı həm ümumbəşəri prinsiplərlə yaşamaq istəyir, həm də öz milli dəyərlərini qoruyur, öyrənir və gələcək nəsillərə ötürür.

Kütləvi informasiya vasitələri bu məsələlərə diqqət yetirməlidir. Bugünkü dünya insan hüquqlarının təbliği ilə məşğuldur. Amma bəzən bu mübarizə o qədər bayağılaşır ki, insan hüquqları uğrunda mübarizə aparılsa da, hər dəqiqə insan hüquqları pozulur. İnsan hüquqları uğrunda mübarizədə milli yaddaş və etnoqrafik yaddaş unudulursa, bu, insanı xilas edə bilməz. Milləti millət edən amillər – dil, ədəbiyyat, mədəniyyət, etnografiya – insanı da insan edən amillərdir. 

Təhsildən də danışmaq lazımdır. Təhsil bu müzakirələrin mərkəzində olmalıdır. Bəzən biz böyük həvəsdən statistik məlumatlar veririk, amma bilmirik ki, bu statistik məlumatların içərisində nə qədər problemlərimiz gizlənir, xüsusilə təhsillə bağlı. Təhsil sahəsində çox maraqlıdır ki, bizim həm dövlətimizdə, həm də cəmiyyətimizdə bu məsələlər heç vaxt nəzərdən qaçırılmır. Amma tək məsələ nəzərdən qaçırılmaq deyil, həm də o təhlillərin aparılmasındadır.

Son illərdə bizim Təhsil nazirliyimizdə bu cür analitik təhlillər aparılır. Bu cür təhlillərin miqyasını genişləndirmək lazımdır və bu yalnız Elm və Təhsil nazirliyi miqyasında qalmamalıdır.  Bunun arxasında bizim elmimiz gəlir. Elmin öyrədilməsi müəyyən mərhələlərdən başlayır. Bunlar da kütləvi informasiya vasitələrinin diqqətini cəlb etməliir. Burada bizim dövlətçiliyimiz və adət-ənənələrimiz barəsində ən peşəkar məlumatlar verilməlidir. Bizim orta məktəbimiz bizim mentalitetimizi müəyyənləşdirən, öyrədən və gələcək nəsillərə onun necə getdiyinə nəzarət etməyə imkan verən böyük bir sahədir. Biz başqa heç bir yerdə həmin milli dəyərlərin mənimsənilməsinin keyfiyyətini bu təbiilikdə görə bilmərik. Oradan alınan nəticələr bizim üçün ən mötəbər nəticələrdir.

Biz nə qədər çalışsaq da ki, bu adət-ənələrdən kənara qaçaq, bunu bacarmayacağıq. Sadəcə, biz bu adət-ənələrə söykənərək, onları müasirləşdirərək, gənc nəsilə yeni səviyyədə təqdim etməliyik. Bunlar nədir? İnsanın insana hörmətidir, insanın sözü ilə işinin bir olmasıdır, insanın zəhmətkeş olmasıdır, dədə-baba ruhuna hörmət etməsidir, gələcək nəsillər qarşısında məsuliyyət daşınmasıdır. İnsanın öz milli dövlətinə sədaqəti də vacibdir. Milli dövlətə sədaqətin olmayan bir şəxs, cəmiyyətin normal bir üzvü ola bilməz.

 

Sara Məmmədli

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

31 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin