“Qalatasaray” – “Fənərbaxça”:  İstanbul derbisinin STATİSTİKASI

08:40 - 21 Noyabr 2021

“Qalatasaray” – “Fənərbaxça”:  İstanbul derbisinin STATİSTİKASI

Bu gün Türkiyə Super Liqasının XIII turu çərçivəsində əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gələcək.

 

Manşet.az-ın saytının məlumatına görə, bu, 112 illik rəqabətdə əzəli rəqiblərin 394-cü dueli olacaq.

İstanbul derbisi öncəsi komandalar arasında indiyə qədər baş tutan matçlarda diqqət çəkən bir neçə statistik göstəricini təqdim edirik.

- İki komanda arasındakı 112 illik rəqabətin ilk 7 oyununda rəqibinə qol belə vura bilməyən “Fənərbaxça” ilk qalibiyyətini əldə etmək üçün 5 il gözləməli olub. İlk görüş 1909-cu il yanvarın 17-nə təsadüf edib və “cim-bom” 2:0 hesablı qələbə qazanıb.

- Əzəli rəqiblərin duellərində ən çox qol vuran futbolçu “Fənərbaxça”lı Zeki Rızadır (42 oyunda 27 qol). “Qalatasaray”ın heyətində derbilərin bombardiri isə 19 topla Metin Oktaydır.

- “Qalatasaray”ın rəqibi üzərində ən böyükhesablı qələbəsi 7:0-dır. Bu, 1911-ci il fevralın 12-nə təsadüf edib. “Fənərbaxça”nın buna cavabı isə 2002-ci il noyabrın 6-dakı qarşılaşmada 6 cavabsız top olub.

- “Qalatasaray” ardıcıl 18, “Fənərbaxça” isə 11 qarşılaşmada qələbəyə həsrət qalıb. “Sarı-lacivərdlilər” 1949-1953, “sarı-qırmızılılar” isə 1942-1946-cı illərdə qalibiyyət üzü görməyib.

- Derbiyə ən az azarkeş 1922-ci il noyabrın 17-dəki qarşılaşmaya toplaşıb. Hakimin çətirlə idarə etdiyi oyunu cəmi 22 azarkeş izləyib. 2003-cü ildəki matça isə 70 min 125 nəfər toplaşıb. Bu da tərəflər arasındakı duellərdə ən çox fanat toplaşan görüşdür.

- Ən çox derbi həyəcanı yaşayan futbolçu Turqay Şeren olub. “Qalatasaray”ın əfsanəvi qapıçısı “Fənərbaxça”ya qarşı 55 matçda çərçivəni qoruyub.

- İndiyə qədər bu komandalar arasındakı 393 oyun 18 müxtəlif stadionda keçirilib.

- İstanbul derbiləri zamanı bir matçda ən çox qol vuran futbolçular Celal İbrahim, Cemil Gürgen, Metin Oktay (“Qalatasaray”) və Zeki Rıza Sporeldir (“Fənərbaxça”). Adıçəkilən futbolçular rəqib qapısından 4 top keçirib.

- 393 görüşdə ən çox qeydə alınan hesab 1:0-dır. Düz 74 dəfə komandalardan biri yeganə qolla rəqibini üstələyib. 48 oyunda isə 2:1 hesabı olub.

- Penalti olmadan ən çox qol vurulan görüş 1983-cü ildə “Ali Sami Yen”də keçirilib. Həmin matçda 4:4 hesabı qeydə alınıb.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin