Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili ADU-nun qonağı oldu - Fotolar

22:50 - 24 Yanvar 2025

Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili ADU-nun qonağı oldu - Fotolar

Yanvarın 23-də Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. 

 

Manset.az xəbər verir ki, ADU-nun rektoru akademik Kamal Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərinin əhəmiyyətini qeyd edən rektor bildirib ki, münasibətlərin dərinləşməsində iki ölkənin elmi, mədəni və humanitar əlaqələrinin genişləndirilməsi mühüm rol oynayır. 

Rektor ADU-da fəaliyyət göstərən Konfutsi İnstitunun timsalında iki ölkə arasında elmi və mədəni əlaqələrin qurulması baxımından əlverişli imkanların mövcudluğundan danışıb. Tələbələrin Çin dilinə, tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük marağından söz açan rektor qarşılıqlı elmi əməkdaşlığın inkişafında mübadilə proqramlarının rolunu xüsusi vurğulayıb.

Qeyd olunub ki, son illər ADU ilə Çində fəaliyyət göstərən bir sıra universitetlər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin yeni mərhələdə inkişaf etdiyini görmək olar:

“Azərbaycanla Çin arasında sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətləri var. Bu münasibətlər özünü bütün sahələrdə olduğu kimi elmi, mədəni, humanitar sahələrdə də göstərir. Biz inanırıq ki, bundan sonra da Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir. Bu da hər iki ölkənin maraqlarına uyğun bir addımdır”.

ADU-da keçirilən layihələr haqqında səfirə məlumat verilib. “Səfir saatı” layihəsinin tələbələr üçün əhəmiyyətindən söz açılıb, diplomat bu layihə çərçivəsində tələbələrlə görüşə dəvət olunub.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Din Tao qarşılıqlı elmi və mədəni mübadilənin mümkünlüyündən söz açıb. Qeyd olunub ki, gələcəkdə müəllim və tələbə mübadilə proqramlarının həyata keçirilməsi gözlənilir. Çin və Azərbaycan dillərinin daha dərindən öyrənilməsi baxımından əlverişli imkanların mövcudluğu diqqətə çatdırılıb.

Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.

Müvəqqəti işlər vəkili Din Tao daha sonra ADU-nun Konfutsi İnstitutu tərəfindən təşkil olunan tədbirdə iştirak edib.  



Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin