“Qanuni oğru” “Gəncəli Rəşad”ın məhkəməsi - 2 qətl və 221-ci maddə...

21:43 - 20 Noyabr 2021

“Qanuni oğru” “Gəncəli Rəşad”ın məhkəməsi - 2 qətl və 221-ci maddə...

Kriminal aləmdə “Gəncəli Rəşad”, “Rəşad Gəncinski” kimi tanınan “qanuni oğru” Rəşad İsmayılovun cinayət işi üzrə istintaq başa çatıb.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin nümayəndəsi Yuliya İvanova məlumat verib.

Onun sözlərinə görə, R.İsmayılov qətl, qanunsuz silah alveri və cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda ittiham olunur. Rusiya mediası hələ gəncəli “qanuni oğru” yenicə həbs ediləndə yazırdı ki, “Gəncinski”nin vəkili Marina Boqatrıyeva müdafiə etdiyi şəxsə qarşı “cinayət iyerarxiyasında yüksək vəzifə” tutmaq barədə ittihamın çıxarılmasına nail olub. Belə ki, “Gəncinski” iddia edildiyi vaxt mütəşəkkil cinayətkarlara rəhbərlik edə bilməzdi, çünki o, 2018-ci ilin noyabrından bəri Belarusda həbsdə olub. O, bütün kommunikasiya və rabitə vasitələrindən istifadə etmək yasaqlandığı üçün cinayətkar dəstələrə rəhbərlik edə bilməzdi. Qeyd edək ki, 221-ci maddə çox ağır ittihamdır və bu səbəbdən indi Rusiya ərazisində “mən qanuni oğruyam” deyən qalmayıb. Çünki Rusiya qanunvericiliyinə görə həmin sözlər 15 il müddətinə azadlıqdan məhrum edilmək üçün kifayət edir. Amma rəsmi məlumatdan göründüyü kimi, istintaq o maddəni ittihamdan çıxarmayıb...

İstintaqın məlumatına görə, R.İsmayılov 2009-cu ilin mayında iki nəfərin qətlində əli olub. Belə ki, “Gəncinski” 2009-cu ilin mayında Moskvanın İzmaylovskoye şosesindəki 69 saylı evin yaxınlığındakı “Botik Petra” kafesinin yanında güllələnən azərbaycanlılar- Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətli ilə bağlı istintaqa cəlb edilib. Bir mənbə deyib ki, həmin iki nəfərin də 2007-ci ilin noyabrında Bakıda nüfuzlu iş adamı Raquf Rüstəmovun qətlində əlləri olub. R.Rüstəmov azərbaycanlı “qanuni oğru”, bir neçə il əvvəl Kiyevdə öldürülən Baxış Əliyevin (“Vaxa”) himayəsində olub. Moskvaya meyvə-tərəvəz göndərən biznesmeni isə Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) sifarişi ilə öldürüblər. İstintaqın mövcud versiyasına görə, o zaman hələ yüksək cinayət statusuna malik olmayan Rəşad İsmayılov bu qarşıdurmada “Vaxa”nın tərəfini tutub və nəticədə həmin iki nəfəri öldürüb. Amma məhkəmədə bunları sübut etmək asan olmaya bilər. Çünki 2014-cü ilin yazında “Vaxa” Kiyevdə güllələnib, üç il sonra İstanbulda Lənkəranski qətlə yetirilib. İzmailovskoye şosesindəki atışmanın və bütün sonrakı cinayətlərin ehtimal olunan sifarişçiləri həyatda olmadığı üçün istintaqın “Gəncinskini” bu qətllə əlaqəli olmasını sübut etmək daha çətin olacaq.

Qeyd edək ki, “Rəşad Gəncinski” 2018-ci ilin noyabrında Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılmışdı. Məhkəmə azərbaycanlı “qanuni oğru”ya 10 il həbs cəzası kəssə də, ötən ilin avqustunda Belarus Ali Məhkəməsi onun 8 il tez azadlığa buraxılmasına qərarı verdi. Ancaq avtoritet dərhal Moskva Cinayət Axtarış İdarəsi əməliyyatçılarının müşayiəti ilə Moskvaya göndərildi və yenidən orada nəzarətə alındı. R.İsmayılovun Azərbaycanda da geniş rezonans doğurmuş “Lənkəranskini o biri dünyaya göndərdik” deməsi ilə bağlı iddialar vardı. Sonra isə “Gəncinski”nin “Lənkəranski”nin qətlinin təşkilində iştirakı olub-olmaması yoxlanılıb, lakin ona qarşı heç bir dəlil tapılmayıb.

Rəşad İsmayılov 1978-ci ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə adı xırda cinayətlərə qarışıb. Daha sonra onun da yolu Moskvadan keçib. Burada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısa müddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü ilin fevralında Moskvada böyük “sxodka” keçirilib. Həmin “sxodka”da azərbaycanlı “qanuni oğrular”dan Vaqif Süleymanov (“Vaqif Diplomat”), Əlibaba Həmidov (“Qoca Yasamalski”), Arif Mehdiyev (“Arif Sumqayitski”), Yunus Nəzərov (“Lotu Yunus”), Baxış Əliyev (“Vaxa”) iştirak edib.“Sxodka”da “Rəşad Gəncinski” “qanuni oğru” kimi taclandırılıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin