İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

14:55 - 9 Yanvar 2025

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.

 

Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” prosesinin tayı-bərabəri yoxdur.

Hikmət Babaoğlu: Bakı Bəyannaməsi Milli Məclisin beynəlxalq əlaqələr  sahəsində səmərəli fəaliyyətinin göstəricisidir - AZƏRTAC

"“Böyük Qayıdış” özü-özlüyündə nə qədər mühüm bir tarixi hadisədirsə, torpaqlarımızı işğaldan azad etdikdən sonra bu istiqamətdə görülən işlər və atılan addımlar da bir o qədər tarixi hadisədir. Nəticə etibarilə, hər şeydən öncə “Böyük Qayıdış” ifadəsi bizə 30 illik işğal dövrünü və ondan sonra 44 gündə əldə etdiyimiz tarixi zəfəri xatırladır. Bu mənada “Böyük Qayıdış” həm də milli yaddaşdır.

Azərbaycanın həyata keçirdiyi bu “Böyük Qayıdış” layihəsinin digər, bənzər coğrafiyalarda baş vermiş hadisələrdən çox mühüm fərqi ondan ibarətdir ki, “Böyük Qayıdış” birincisi Azərbaycanın öz resursları hesabına həyata keçirilir. İkincisi, “Böyük Qayıdış”-ı təmin edəcək tarixi zəfər də Azərbaycanın öz resursları hesabına əldə olunubdur. Üçüncüsü, “Böyük Qayıdış”-ın əsas məzmunu, əsas mahiyyəti, yəni insanlarımızın doğulduğu torpaqlara qayıtması çox böyük şövqlə, sevgi ilə, həvəslə həyata keçirilir. Bu da xalqımızın mənəvi kontekstdən qiymətləndirəndə çox mühüm bir keyfiyyət kimi ortaya çıxır.

Ona görə də Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” prosesinin tayı-bərabəri yoxdur. Şübhəsiz ki, bu da Azərbaycan xalqının vətənə sevgisindən, yəni Azərbaycan xalqının mənəvi keyfiyyətlərindən, milli xarakterindən, milli cəsarətindən və vətənsevərlikdən irəli gələn bir hadisədir. Buna görə də “Böyük Qayıdış” çox sürətlə həyata keçirilir və ərazilərimiz çox sürətlə məskunlaşdırılır. Biz az qala hər gün xəbərlərdə hansısa kəndimizə, rayonumuza, şəhərimizə, işğaldan azad edilmiş ərazilərimizə və vətəndaşlarımızın qayıdışına şahidlik edirik. Ən əsası odur ki, artıq Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “Böyük Qayıdış”-la bağlı qəbul edilmiş birinci dövlət proqramı həyata keçirilir.

1-ci dövlət proqramı 2026-cı ildə başa çatacaq və bundan sonra “Böyük Qayıdış”-ın 2-ci mərhələsinə başlanılacaqdır. Bu günə qədər Azərbaycan büdcəsindən “Böyük Qayıdış”-a sərf olunan maliyyə vəsaiti 18 milyard manatdır və 2025-ci il büdcəsində daha 4 milyard manat vəsait bu işlərə nəzərdə tutulub. Yəni, əsas fundamental xərclər 22 milyard manatı əhatə edir və bu, əslində, ən ağır mərhələlərin başa çatması olacaqdır.

Çünki qayıdış dövlət orqanlarından ilk növbədə dağıdılmış yol infrastrukturunun, körpülərin, enerji təchizatının bərpasını tələb edir. Eyni zamanda, minadan təmizləmə böyük maliyyə vəsaitinə başa gələn bir hadisədir və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər ən ağır mərhələlərdəndir. Biz minadan təmizlənməsi istisna olmaqla, digər bütün sahələrdə demək olar ki, ilkin fundamental işləri başa çatdırmaqdayıq.

2026-cı ilə qədər bu işlər başa çatacaqdır. Hava limanlarının tikilməsi, körpülərin tikilməsi, yolların salınması, su infrastrukturunun yaradılması, kənd təsərrüfatının fəaliyyəti üçün şərtlərin formalaşdırılması, enerji, xüsusən də yaşıl enerji hesabına çoxsaylı su elektrik stansiyalarının yaradılması və s. İkinci mərhələ artıq bu günə qədər yatırılacaq 22 milyard manat vəsaitin  həm də dönüş mərhələsi olacaqdır.

Çünki infrastruktur təminatı başa çatdıqdan sonra Qarabağımızın işğal altında qalan şərgi Zəngəzurumuzun resurslarından istifadə olunmaq məsələsi də artıq reallığa çevriləcəkdir. İstər kənd təsərrüfatı ehtiyatlarından ərzaq təminatı üçün, istər su ehtiyatlarından içməli su və suvarma məqsədilə, istər dağ mədəni ehtiyatlarından və s. Bütün bunlar iqtisadiyyatımıza töhfə verəcəkdir.

Bu gün xərclənən pullar xalqımıza rifah gətirəcəkdir “Böyük Qayıdış” prosesində iştirak edən xalqımızın bir hissəsinə deyil, bütün Azərbaycan xalqına yeni iqtisadi dəyərlər qazandıracaqdır ki, bu da ölkəmizin iqtisadiyyatının böyüməsinə səbəb olacaq. Ona görə də hər şeydən əvvəl infrastruktur, enerji təchizatı, dövlət xidmətlərinin əlçatan edilməsi və hər istiqamətdə yol infrastrukturunun başa çatdırılması, hava limanlarının tikilməsi ayrı bir hadisədir.

Laçında, Füzulidə hava limanlarının tikilməsi, eyni zamanda dəmir yolunun Ağbəndə qədər çəkilməsi və tamamlanması, həmçinin həm paytaxtdan Ermənistanla anlaşılan sərhədə qədər, həm də işğal altında qalan rayonlarımızın özlərinin arasında magistral yol kommunikasiyalarının salınması, məsələn, Füzuli-Ağdam, Ağdam-Xankəndi, Xankəndi-Laçın, Kəlbəcək-Laçın yollarının inşası və s., yəni daxili yolların yenidən inşası mərhələsi başa çatacaqdır.

Mən düşünürəm ki, bütün bunlar əslində həm “Böyük Qayıdış”-ı, həm də Azərbaycan iqtisadiyyatının gələcəyinə qoyulan yatırımlardır. Çünki bu kommunikasiyalar, bu enerji təchizatı və əmək qüvvəsi təmin olunduqdan sonra “Böyük Qayıdış”-a qatılan vətəndaşlarımız həm də əmək qüvvəsi olacaq və iqtisadi müsbət təsirlər yaradır. Artıq bu öz-özlüyündə yatırım tələb edəcəkdir ki, bu yatırımlar həm xarici, həm də daxili imkanlar hesabına təmin olunacaqdır."

 

Sara Məmmədli

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

1 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin