“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam”

17:15 - 8 Yanvar 2025

“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam”

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması davam edir.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Aynur bu dəfə də məhkəməyə gəlməkdən yayınmaq istədiyi üçün prosesə sədrlik edən hakim Azad Məcidov ifadələrə keçməmişdən əvvəl xanım müttəhimə xəbərdarlıq edib: “Ötəndəfəki kimi, bu gün də özünü xəstəliyə vurub ki, məhkəmə keçirilməsin. Bu, qeyri-adi bir işdir, insanlar əzab çəkib. İmkan verin, işi aparaq”.

A.Bayramovanın vəkili cavab olaraq deyib ki, müvəkkili özünü yalandan xəstəliyə vurmayıb, bu məhkəmənin tez bitməsində o da maraqlıdır. 

Zərərçəkmiş Mənsurə Hacıyevanın 9 yaşlı qardaşı oğlu talassemiyadan əziyyət çəkir. 
Bibi azyaşlının əməliyyat edilməsi üçün birinci Aynurla danışıb: 
“Mənə söz verdi ki, qardaşın oğlu Antalyada əməliyyat ediləcək. Onun üçün donor da tapılıb. Özüm gecə növbəsində işləyirəm. Gündüzlər də apteklərdə pasiyentlərə banka qoyuram. Bir sözlə, zülm-zillətlə pul qazanıram. Nə isə guya Aynur bütün bunları nəzərə alıb 10 min dollara əməliyyatın baş tutmasına razılaşdı. Həmin pulu Nuridə və Aynurun iştirakı ilə verdim. 

Sonra müxtəlif bəhanələrlə məni aldatdılar. Gah deyirdilər sabah çıxırıq, gah deyirdilər çantanı yığ. Məni əməlli başlı doladı. Bu işlə bağlı dayımla çox yerə gedib-gəldik. Axırda dayım da infakt keçirib öldü”.

“İlik əməliyyatı 160 min dollardır, necə inandınız ki, 10 minə həll olacaq... 10 minə Antalyada 1 həftə gəzmək olmur. Niyə inandız?!”, - hakim zərərçəkmişdən soruşub. 

Fotoda: Azad Məcidov

Mənsurə cavabında təqsirləndirilən şəxslərin ona hansısa yardımsevər təşkilatlardan dəstək aldıqlarını dediklərini bildirib.

Nuridə ilə Aynur zərərçəkmişin ifadəsinə münasibət bildirərkən bir-birilərini ittiham ediblər. Nuridə pulu Aynurun, Aynur isə Nuridənin aldığını deyir.

A.Bayramova Respublika Talassemiya Mərkəzindəki fəaliyyətindən də qısa danışıb: “Mən orada özbaşına oturmamışam. Bunu mərkəzin baş həkimi də bilirdi. Qaldı ki, pul yeməyə, həyatı boyu belə şey etmərəm. Mən ancaq pulu saymışam. 10 min dollardan qəti xəbərim yoxdur”.

Nuridə isə deyir ki, 10 min dolları Aynur götürüb. İndi də özünü kənara çəkmək üçün şou yaradır. 

Prosesin davamında Aynurun zərərçəkmişlə söhbəti və ondan aldığı pulu saymağının əks oldunduğu videoya baxılıb.

“Yaman qəşəng pul sayırsan. Buna görə də haqq alırdın? Hər şey görünür burada”, - hakim Azad Məcidov Aynura baxaraq əlavə edib.

İfadə verən digər zərərçəkmişlər də oxşar danışıblar. Onlar da əməliyyat üçün Nuridə ilə Aynura 20-30 min manat aralığında pul verdikərini deyiblər.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin