Juninyo "Sevilya"ya gedəsi OLMADI - YENİLƏNİB

13:44 - 8 Yanvar 2025

Juninyo

"Qarabağ"ın futbolçusu Olavio Juninyo İspaniyanın "Sevilya" klubuna transfer olmaqdan imtina edib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında futbol agenti Tural Əsgərli bildirib.

"Juninyo dünən "Sevilya"ya transfer olmaq qərarından imtina edib. Amma onun Braziliya təmsilçisi "Flamenqo"da oynayacağını söyləmək hələlik çox tezdir. Çünki klub ilk olaraq "Qarabağ"la ortaq məxrəcə gəlməlidir", - deyə T.Əsgərli vurğulayıb.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı forvard Azərbaycan çempionatının və kubokunun qalibi olub. Tural Əsgərli 28 yaşlı hücumçunun "Qarabağ"a keçidində vasitəçi olub. O, braziliyalı forvardın agenti ilə əməkdaşlıq müqaviləsi olduğundan prosesdə iştirak edir.

***

12:10

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın forvardı Olavio Juninyonu Braziliyanın “Flamenqo” və İspaniyanın “Sevilya” klubu transfer etmək istəyir.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən günə qədər “sambaçı”nın Avropada karyerasını davam etdirmək istədiyi və “Sevilya” ilə anlaşdığı deyilirdi. 

 “Flamenqo”nun məsələyə ciddi yanaşması isə vəziyyəti dəyişib. Braziliya və İspaniya mətbuatının yazdığına görə, cənubi amerikalılar forvard üçün daha yaxşı təklif göndərib. 

Məsələyə isə “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov aydınlıq gətirib. O, açıqlamasında bu keçidlə bağlı son vəziyyəti açıqlayıb: “Əslində, vəziyyət fərqlidir. Mediada yazılanların hamısı doğru deyil. Məsələn, bir neçə gün öncə ispaniya mətbuatı yazmışdı ki, Juninyo “Sevilya”ya getmək üçün cibindən “Qarabağ”a 1 milyon avro ödəyəcək. Amma bu danışıqların heç bir mərhələsində müzakirə mövzusu belə olmayıb. Bizə təklif göndərən klublara gəlincə, onlar əvvəl də var idi, indi də var. Sadəcə belədir ki, danışıqlar uzandıqca hansısa klubun mövqeyi güclənir, digəri zəifləyir. Amma bu o demək deyil ki, bir klubun təklifi digərindən zəifdir. İndi vəziyyət elədir ki, hər an hər şey dəyişə bilər. Yekunlaşmaq o deməkdir ki, məsələdə üçtərəfli müqavilə imzalansın. Hazırki durumda isə konkret nəsə yoxdur. Danışıqların növbəti mərhələsindəyik. Yaxın günlərdə hadisələrin inkişafı barədə daha dəqiq nəsə olacaq”. 

Qeyd edək ki, İspaniya mətbuatının yazdığına görə, “Sevilya” “Qarabağ”a Juninyo üçün təxminən 4 milyon avro, futbolçunun özünə isə illik 700 min avro maaş təklif edib. “Flamenqo” isə “Qarabağ”a təxmini olaraq 5 milyon avro, futbolçuya isə illik 2 milyon avrodan çox maaş verəcək. 


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin