Süni intellekt insanın davranış və xarakterini təqlid edə bilir

07:45 - 8 Yanvar 2025

Süni intellekt insanın davranış və xarakterini təqlid edə bilir

Google və Stenford Universitetinin mütəxəssislərinin apardığı tədqiqat nəticələrinə görə, süni intellekt texnologiyası insanın xarici görünüşünü və ya səsini deyil, məhz davranış xüsusiyyətlərini, xarakter çalarlarını 85%-lik dəqiqliklə təkrarlaya bilən rəqəmsal surətlər yaradır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, belə bir surətin yaradılması cəmi iki saat tələb edir.

Belə ki, tədqiqatda 1000 nəfər iştirak edib. Onlar həyat dəyərləri, şəxsi təcrübələri və sosial problemlərə münasibətləri ilə bağlı suallara cavab veriblər. Həmçinin müxtəlif qərar qəbuletmə vəziyyətlərini əks etdirən testlərdən keçiblər. Süni intellekt bu məlumatlar əsasında hər iştirakçının rəqəmsal surətini yaradıb. Daha sonra həmin surətlərə analoji testlər təqdim olunub və 85% hallarda nəticələr insanların real cavabları ilə üst-üstə düşüb.

 

 

Tədqiqatın əsas məqsədi insan davranışını müxtəlif vəziyyətlərdə proqnozlaşdırmaqdır. Məsələn, süni intellektin köməyi ilə cəmiyyətin yeni qanunlara və ya siyasi kampaniyalara münasibətini öncədən müəyyənləşdirmək, hansı məhsul və ya xidmətlərin populyar olacağını təxmin etmək mümkündür. Əslində, bu rəqəmsal surətlər sosial proseslərin təhlili üçün "peyğəmbər" rolunu oynaya bilər.

Lakin hər bir qabaqcıl texnologiya kimi, süni intellektin bu imkanları da narahatlıq doğurur. Onlardan manipulyasiya, şəxsi məlumatların oğurlanması və ya aldatma məqsədilə istifadə oluna bilər. Bu səbəbdən, tədqiqatçılar belə texnologiyaların inkişafı və tətbiqi üzərində ciddi nəzarətin vacibliyini vurğulayırlar.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin