“Azərişıq” Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə etdi - VİDEO

15:28 - 6 Yanvar 2025

“Azərişıq” Müştəri Məmnuniyyəti Sorğusunda yüksək nəticə əldə etdi - VİDEO

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2016-cı ildə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin yaxşılaşdırılması, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da gücləndirmək üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yaradılıb. Bu istiqamətlərdə komissiya dövlət qurumları, özəl sektor nümayəndələri ilə sıx əməkdaşlıq edir. 2024-cü ildə daha bir uğurlu əməkdaşlıq “Azərişıq” ASC ilə reallaşıb.   


Manset.az xəbər verir ki, “Azərişıq” ASC-nin abonentlərə göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, mövcud problemləri müəyyən etmək və vətəndaşlarla qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya tərəfindən Müştəri Məmnuniyyəti Sorğusu keçirilib. "Ekvita" şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən sorğuda əhali və qeyri əhali abonentləri olmaqla, ümumilikdə 700-ə yaxın respondentin fikri öyrənilib. Sorğu Energetika Nazirliyi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı müxtəlif beynəlxalq reytinq agentliklərinin iştirakı ilə baş tutub.

Sorğuda "Azərişıq" ASC-nin təqdim etdiyi fərqli xidmətlər üzrə məmnunluq səviyyəsi ölçülüb.

  1. enerji təchizatı şəbəkəsinə qoşulma,
  2. elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri,
  3. smart kartların bərpası və yenisinin verilməsi,
  4. əhali və qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi,
  5. istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi,
  6. sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu,
  7. qüsurlu ödənişin bərpası.

         Sorğunun nəticələrində həmçinin "Azərişıq" ASC-nin Əsas Fəaliyyət Göstəriciləri əks olunub. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin cari göstəricisi 55,3%, hədəf göstərici isə 30%-dir. Sahibkarların bu xidmətlər üzrə məmnunluq səviyyəsi 98% olaraq qiymətləndirilib. Bu göstərici hədəflə üst-üstə düşür. İşlərin keyfiyyəti üzrə cari göstərici 98%, hədəf göstərici isə 95%-dir. İcra müddətlərində gecikmə halları 5% olaraq qeyd olunub və bu da 10%-lik hədəf göstəricisini üstələyir.

         “Azərişıq” ASC vətəndaş məmnunluğunu təmin etmək, xidmətlərin keyfiyyətinin artırılması və ölkəmizin kommunal xidmətlər sahəsində beynəlxalq reytinqlərdə mövqeyinin daha da gücləndirilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ilə əməkdaşlığı davam etdirəcək, abonentlərlə mütəmadi sorğuların keçirilməsinə şərait yaradacaq.

 

 



Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin