“Təyyarəyə fiziki və texniki kənar müdaxilə olub” - AZAL-dan AÇIQLAMA

17:23 - 27 Dekabr 2024

“Təyyarəyə fiziki və texniki kənar müdaxilə olub” - AZAL-dan AÇIQLAMA

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

 

Manset.az bu barədə AZAL-a istinadən xəbər verir.

Belə ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Buna görə də Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən Bakıdan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin