Azərbaycan Çeçenistanın yardım təklifini rədd etdi

12:08 - 27 Dekabr 2024

Azərbaycan Çeçenistanın yardım təklifini rədd etdi

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.

 

Manset.az Day.Az-a istinadən xəbər verir ki, Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul edəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”, - deyə bildirilib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cənazəsi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin