Bakıda yeni avtomobil yolunun tikintisinə başlanılır - “Keşlə bazarı” tam söküləcək
19 Dekabr 2024
13:20 - 19 Dekabr 2024
Dövlət başçısının inkişafa, tərəqqiyə hesablanmış, məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti tarixin sınaqlarından üzüağ çıxmış müasirlik, daim yenilənmə prinsipləri üzərində qurulmuşdur. İndiyə qədər bütün sahələrdə həyata keçirilmiş islahatlar ölkəmizin tarixində yeni bir inkişaf mərhələsi olan İlham Əliyev erasını ortaya qoymuşdur. Bu, Azərbaycan xalqının tarixində xüsusi dəyəri olan bir mərhələdir. Bu, Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi, inkişaf etdiyi, daim uğurlar qazandığı bir dövrdür. Sevincini yaşadığımız bu mərhələdə dövlət başçısının rəhbərliyi altında görülən işlər, həyata keçirilən islahatlar Azərbaycan xalqına böyük uğurlar qazandırmışdır.
Tarixi əhəmiyyətinə görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 21 ilin hər ili xalqımız üçün tərəqqi, inkişaf və misilsiz uğur deməkdir. Qəbul edilən dövlət proqramları əsasında ölkəmizin regionları dinamik inkişaf etmişdir. Beynəlxalq və yerli müşahidəçilər bu inkişafa və tərəqqiyə əsaslanıb çox haqlı olaraq bildirirlər ki, dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və sürətlə inkişaf etmir. Belə sürətli inkişaf tempinə, aparılan quruculuq işlərinin sürətinə əsaslanıb demək olar ki, bu, indiyə qədər dünyanın heç bir yerində olmayan regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır, ölkəmiz dünyada söz sahibinə çevrilir. Buna görə də regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qürurla deyə bilərik ki, dövlət başçımız daim xalqımızı sevindirən layihələrə imza atır. Bunu Azərbaycanın iqtisadiyyatında, elmində, təhsilində, səhiyyəsində və başqa sahələrdə çalışan vətəndaşlarımız öz həyatlarında aydın şəkildə hiss edirlər. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni uğurlu bir mərhələ başlandı.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev ölkəmizin siyasi rəhbərliyinə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi cənab İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə Prezident seçdi. Prezident cənab İlham Əliyevin ali dövləti vəzifədə ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inamı və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində Prezident cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı. Bu qələbələr xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi bir ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı seçkilərdə səsini cənab İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirir.
Müstəqilliyini hər ötən gün möhkəmləndirən Azərbaycan Respublikasının çağdaş tarixində Prezident cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. İyirmi bir illik möhtəşəm dövrün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad edildi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Şanlı Vətən müharibəsi Prezident cənab İlham Əliyevin daha bir liderlik keyfiyyətini - sərkərdəlik məharətini bir daha üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici mediaya otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi. Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni separatçı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən, hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Prezident İlham Əliyevin hakimiyyəti illərində vətənpərvər ruhda formalaşan gənc nəsil Vətən müharibəsində və antiterror tədbirlərində böyük qəhrəmanlıqlar nümayiş etdirərək, döyüş meydanında düşməni məhv etdi. Düşmənin illərdir möhkəmləndiyi, istehkamlar qurduğu tarixi torpaqlarımızda qarşıya qoyulan bütün tapşırıqları uğurla icra edən əsgər və zabitlərimiz öz qanları, canları bahasına ərazilərimizin düşməndən təmizlənməsinə nail oldular. Bu qəhrəmanlıqlar igid övladlarımızın Vətənə, xalqa, Ali Baş Komandana sədaqətinin bariz nümunəsidir.
Hakimiyyətinin bütün mərhələlərində məhz doğma xalqına arxalanan, onun iradəsini hər şeydən üstün tutan dövlətimizin başçısı yüksək qətiyyətli rəhbərliyi, müdrik sərkərdəliyi ilə xalqımızı “Dəmir yumruq” ətrafında sıx birləşdirərək onu tarixinin ən parlaq zəfərlərinə qovuşdurdu.
Qurucu liderimiz Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir.
Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir. Əlbəttə, Vətən müharibəsində qazanılmış şanlı Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaradılmalı idi və yaradıldı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
Ötən 21 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycan ötən 21 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb ki, onlardan bəzilərini xatırlamaq yerinə düşər. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradıldı. Bununla da dünya enerji xəritəsində yeni mənzərə formalaşdı. 2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı. Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır.
Prezidentimizin gələcəyə hesablanmış müdrik siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin iqtisadi-siyasi sistemini daha da möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində bunun əyani surətdə şahidi olduq. Prezident İlham Əliyev Cənubi Qafqaz regionunun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan alan bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur.
Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub.
Sözsüz ki, Vətən müharibəsində qazanılmış Zəfər həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Belə də oldu: Azərbaycan doğrudan da heç vaxt indiki qədər güclü olmayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin yaxşılaşdırılması, yeni siyasi konfiqurasiyanın formalaşdırılması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.
Prezident cənab İlham Əliyevin zəngin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident cənab İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir. Ötən ilin dekabrında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmətin və rəğbətin ifadəsi olmaqla, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymətdir.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib. Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir. Mehriban xanım Əliyevanın əldə olunan çoxşaxəli uğurlarımızda Heydər Əliyev fondunun prezidenti kimi də rolu danılmazdır. Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Məhz fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.
Beləliklə, Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarından qaynaqlanır.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin