Prokurorluq saxta plastik cərrahlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

15:11 - 11 Dekabr 2024

Prokurorluq saxta plastik cərrahlarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Baş Prokorurluğun mətbuat xidmətinin rəisi Saleh Hacıyev məsələyə münasibət bildirib.

O qeyd edib ki, burada problemin mahiyyəti təkcə gözəllik axtarışında olan vətəndaşların hüquqlarının pozulması, onların sağlamlığına hərhansı xəsarət yetirilməsi ilə yekunlaşmır.

“Burada ölkənin tibb sisteminin bütövlüyünün təmin olunması, cəmiyyətimizin sağlamlığının qorunması ilə bağlı təhdidlərlə üzləşirik. Bu sahədə prokurorluq orqanları tərəfindən mütəmadi olaraq işlər aparılır. Vaxtaşırı da bununla bağlı mediada ictimaiyyətə məlumatlar verilir. Qənirə xanımın qeyd etdiyi siyahı açıqlanmamışdan qabaq artıq may ayında prokurorluq orqanları tərəfindən geniş araşdırma aparılmışdı. Araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak etmişdi. Araşdırmalar zamanı bir neçə istiqamətlər üzrə pozuntular aşkar olunmuşdu”, - mətbuat katibi İTV-nin efirində deyib.

S.Hacıyevin sözlərinə görə, ilkin olaraq müəyyən olunub ki, müvafiq tibb təhsili olmayan şəxslər tərəfindən plastik əməliyatlar icra olunur:

“Bəzi hallarda müəyyən olunmuşdur ki, şəxsin tibb təhsili var, amma plastik tibbi əməliyyatları icra etməsi üçün praktiki tibbi fəaliyyətə dair qanunla nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi yoxdur. Ümumilikdə pozuntularla bağlı araşdırma aparan zaman, 18 halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həm hüquqi, həm də vəzifəli şəxslər barəsində inzibati icraatlar başlandı. Həmin şəxslərin əksəriyyəti paytaxt ərazisində fəaliyyət göstərsə də, bölgələrdə də araşdırmalar aparılır. Qənirə xanımın qeyd etdiyi şəxslərin bəziləri barəsində də inzibati icraatlar başlanıb, bəzi şəxslər barəsində faktlar öz təsdiqini tapmayıb. 8 halda qanun pozuntularını doğuran səbəb və şahidlərin aradan qaldırılması üçün xəstəxanalara Səhiyyə Nazirliyi vasitəsilə təqdimatlar göndərilmişdi. Həmin təqdimatların müzakirəsində də prokurorluq əməkdaşları, xəstəxana rəhbərliyi və həmin sahədə çalışan həkimlər iştirak etmişdi. Bundan başqa müəyyən hallar aşkar olunmuşdur ki, tibbi fəaliyyət göstərən şəxslər kobud qanun pozuntularının astanasındadır. Yəni onlar bir neçəm addım sonra sadaladığımız ciddi qanunsuzluqları törədə bilərlər. Ona görə də onlara xəbərdarlıqlar olunmuşdur. İşlər davam edir, vətəndaş müraciətlərindən əlavə biz sosial media vasitəsilə də ictimailəşən müraciətləri öyrənirik”.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin